Niyə dünyanın ən güclü şahmatçıları Şəmkirə gəlməyə üstünlük verirlər? - FOTOLAR - TƏHLİL
Hazırda bütün şahmat dünyasının ürəyi Azərbaycanda, Şəmkirdə döyünür. Çünki dünyanın ən güclü şahmatçıları ölkəmizə gəlib və burada Azərbaycanın tanınmış qrossmeysteri, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirində mübarizə aparırlar. Bakıda tez-tez mötəbər idman yarışlarının uğurla keçirilməsi hər kəsə məlumdur. Şəmkirdə isə artıq altıncı dəfə belə nüfuzlu yarışın yüksək səviyyədə təşkil edilməsi bütün dünyaya Azərbaycanın yalnız paytaxtının deyil, regionlarının da hansı inkişafa, potensiala, qonaqpəvərliyə, mədəniyyətə, iqtisadiyyata sahib olduğunu göstərir.
Niyə dünyanın ən güclü şahmatçıları Şəmkirə gəlməyə üstünlük verirlər?

Dünyada ən yüksək kateqoriya
“ShamkirChess” dünyada ən yüksək sayılan XXII kateqoriyaya sahibdir. Yalnız yarışda mübarizə aparan şahmatçıların titullarına nəzər yetirəndə turnirin nüfuzu haqda hər şeyi başa düşmək olar. Superturnirdə hazırkı dünya çempionu, “ShamkirChess” turnirinin üçqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2845), Çin şahmatçısı Dinq Liren (2812, FİDE reytinqində 3-cü), Hollandiya şahmatının lideri Aniş Giri (2797, FİDE reytinqində 4-cü), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2779), Rusiya şahmatçısı Aleksandr Qrişuk (2771), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2753), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739), “ShamkirChess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) mübarizə aparırlar. Yarışın ümümi mükafat fondu isə yüz min avrodur.

Azərbaycan və Vüqar Həşimov amili
Belə titullu, dünyanın ən güclü şahmatçılarının bu yarışda həvəslə iştirak etməsinin bir neçə səbəbi var. İlk növbədə bütün dünya Azərbaycanda mötəbər idman yarışlarının yüksək səviyyədə keçirildiyini bilir. Ölkəmizin nüfuzu, peşəkarlığı, təcrübəsi, qonaqpərvərliyi və digər amillər dünya ulduzlarının bura gəlməkdə tərəddüd etməməsinə səbəb olur. Mərhum şahmatçımız Vüqar Həşimovun nüfuzu və onlarla dostluğu da bu şahmatçıların yarışda iştirakına təsir edən böyük amildir.
Açılış mərasimində Şəmkir rayon icra başçısının, gənclər və idman nazirinin, Dövlət Neft Şirkətinin vitse-prezidentinin iştirakı Azərbaycanın bu turnirə nə qədər önəm verdiyini göstərir.

Şahmatçılar üçün yüksək şərait
Turnirin təşkil edildiyi Şəmkirdəki Heydər Əliyev Mərkəzində isə şahmatçıların, qonaqların, media nümayəndələrinin, azarkeşlərin rahatlığı tam təmin edilib.
Məlumdur ki, şahmatçıların turnir müddətində yarışdankənar həyatı da onların oyunlarına təsir edir. Şəmkirdə bu sahədə də heç bir problem yoxdur. İştirakçıların məskunlaşdığı otel, qidalanmaları, istirahəti və digər məqamlara xüsusi diqqət olunur.
Yarışın təşkilati işlərində köməklik göstərən könüllülərin fəaliyyətini də qeyd etmək yerinə düşər.
Şəmkirdə yerli əhalinin şahmata marağı da təqdir olunmalı haldır. Yarış zalında həm yerli, həm də digər şəhərlərdən gəlmiş azarkeşlər oyunları maraqla izləyirlər.
Şəmkir turnirinin rəsmi saytında isə (http://shamkirchess.com) bütün partiyalar canlı təqdim olunur və oyunlar bir neçə dildə şahmat mütəxəssisləri tərəfindən şərh edilir. Rəsmi sayta bütün dünyadan çox sayda şahmat həvəskarı daxil olaraq yarış haqqında ətraflı məlumat ala bilir.

Düzgün media siyasəti
Media da həmişəki kimi diqqətdən kənarda qalmayıb. Belə ki, Təşkilat Komitəsi ilk növbədə yarışın mətbuat xidmətinin rəhbəri vəzifəsinə bu sahənin ən peşəkarlarından olan jurnalisti təyin etməklə media məsələlərinin tamamilə yüksək səviyyədə aparılmasına zəmin yaradıb. Yarışın paytaxtdan çox uzaqda keçirilməsinə baxmayaraq, Bakıdan 20-yə qədər jurnalistin Şəmkirə səfəri təşkil edilib və turniri işıqlandırmaları üçün bütün lazımi şərait yaradılıb.
Yarışı həm paytaxtdan gələn, həm xarici, həm də yerli jurnalistlər işıqlandırır. Bakıdan Şəmkirə gedən bütün media nümayəndlərinin yerləşdirilməsi, qidalanması, nəqliyyat transferləri və digər məsələləri Təşkilat Komitəsi həll edib və burada heç bir problem yoxdur.

Turnirin Media Mərkəzində isə jurnalistlərin rahat və operativ işləməsi üçün yüksək şərait var. Mətbuat Konfransı zalının məhz Media Mərkəzinin yanında təşkil edilməsi jurnalistlərin işini daha da asanlaşdırır. Yarış zalında isə media nümayəndələrinin iştirakı və fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görülüb.
Ümumi nəticəyə gəlsək, “ShamkirChess 2019”un artıq dünya şahmat tarixinə düşdüyünü, şahmat aləmində yüksək səviyyəli turnir kimi tanındığını demək mümkündür.
Bütün bunlardan sonra dünyanın ən güclü şahmatçılarının Şəmkirə gəlməyə üstünlük verməsi tamamilə başadüşüləndir.
Ümid edirəm ki, artıq altıncı dəfə keçirilən “ShamkirChess” superturniri bundan sonra da uzun illər təşkil ediləcək.
Elgün Vidadioğlu
Şəmkir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB