"ShamkirChess 2019”un üçüncü turu başlayıb

"ShamkirChess 2019”un üçüncü turu başlayıb

Aprelin 2-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2019” superturnirində üçüncü turun partiyaları başlayıb. SİA-nın məlumatına görə, üçüncü turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Vişvanatan Anand, Teymur Rəcəbov isə ağ fiqurlarla Çin təmsilçisi Dinq Liren ilə üz-üzə gəlirlər.

Turun digər oyunlarında Sergey Karyakin (Rusiya) bolqarıstanlı Veselin Topalov, rusiyalı Aleksandr Qrişuk hollandiyalı Aniş Giri, çexiyalı David Navara isə norveçli Maqnus Karlsen ilə qarşılaşırlar.

İki turdan sonra M.Karlsen, S.Karyakin və D.Liren 1,5 xalla 1-3-cü pilləni bölüşürlər. Ş.Məmmədyarov, T.Rəcəbov, D.Navara, V.Topalov 1 xalla 4-7-ci, V.Anand, A.Qrişuk və A.Giri isə 0,5 xalla 8-10-cu pillədə qərarlaşıblar.

Qeyd edək ki, SOCAR-ın, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. XXII kateqoriyalı superturnirin reytinq favoriti norveçli hazırkı dünya çempionu Maqnus Karlsendir. O, FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət “ShamkirChess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə