Teymur Rəcəbov: “Sürətli heç-heçələrin olması normal haldır”

Teymur Rəcəbov: “Sürətli heç-heçələrin olması normal haldır”

“Bəzən şahmatçı oyuna yaxşı hazırlaşsa da, rəqibin bir gedişi onu heç-heçəyə razılaşmağa vadar edir”. Bunu “ShamkirChess 2019” superturnirinin ikinci turunda milli komandamızın üzvü Şəhriyar Məmmədyarovla qarşılaşmada heç-heçə edən yığmamızın digər şahmatçısı Teymur Rəcəbov mətbuat konfransında oyunun nəticəsini şərh edərkən deyib.

Dünya çempionatlarında da sürətli heç-heçələrin qeydə alındığını bildirən şahmatçı bunun normal hal olduğunu söyləyib: “Bütün oyunlarda ardıcıl heç-heçə qeydə alınsa, hansısa problemin olduğunu düşünmək mümkündür. Ancaq belə turnirlərdə sürətli heç-heçənin olmasında qeyri-adi heç nə yoxdur”.

T.Rəcəbov digər ölkələrdən olan zəka sahibləri və milli komandamızın üzvləri ilə qarşılaşan zaman eyni hisslər keçirmədiklərini bildirib: “Bizim Şəhriyarla yaxşı münasibətimiz var. Bir-birimizlə məsləhətləşib, müzakirələr edirik. Milli komandada oynayan zaman hamımız bir-birimizi nəzərə alıb mübarizə aparırıq. Udsaq da, uduzsaq da bir-birimizin yanında oluruq. Bu da ölkəmizə çoxlu uğurlar gətirməyimizə səbəb olur”.

O, klublararası Avropa çempionatına getməyə həvəsinin olmadığını, bu yarışda iki dəfə qalib gəldikləini vurğulayıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə