Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə - “ShamkirChess”də

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə - “ShamkirChess”də

Azərbaycanın tanınmış qrossmeysteri, mərum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirində 2-ci tura start verilib. SİA-nın məlumatına görə, ikinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Ş.Məmmədyarov ağ fiqurlarla mübarizə aparır.

Turun digər oyunlarında isə bolqarıstanlı Veselin Topalov çexiyalı David Navara, norveçli Maqnus Karlsen hindistanlı Vişvanatan Anand, Çin təmsilçisi Dinq Liren rusiyalı Aleksandr Qrişuk, hollandiyalı Aniş Giri isə Sergey Karyakin (Rusiya) ilə qarşılaşır.

Birinci turun bütün görüşləri heç-heçə başa çatdığından şahmatçıların hər birinin aktivində yarım xal var.

Qeyd edək ki, SOCAR-ın, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. XXII kateqoriyalı superturnirin reytinq favoriti norveçli hazırkı dünya çempionu Maqnus Karlsendir. O, FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən 9 turdan ibarət “ShamkirChess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə