Bu gün “Shamkir Chess 2019” superturnirinin açılış mərasimi olacaq

Bu gün “Shamkir Chess 2019” superturnirinin açılış mərasimi olacaq

Martın 30-da Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi “Shamkir Chess 2019” beynəlxalq superturnirinin açılış mərasimi olacaq. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilən XXII kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

Superturnirə şahmat üzrə hazırkı dünya çempionu, “Shamkir Chess” turnirinin üçqat qalibi, FIDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2845), Çin şahmatçısı Dinq Liren (Çin, 2812, FIDE reytinqində 3-cü yer), Hollandiya şahmatının lideri Aniş Giri (2797, reytinqdə 4-cü yer), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2779), Rusiya şahmatçısı Aleksandr Qrişuk (Rusiya, 2771), dünya kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2753), FIDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739) qatılacaqlar.

Azərbaycanı Vüqar Həşimov Memorialında “Shamkir Chess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FIDE reytinqində beşinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edəcəklər.

XXII kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsendir.

Turnirin ilk turunun oyunları martın 31-də keçiriləcək. Doqquz turdan ibarət yarışa aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə