F 1 könüllüləri yarışa qədər hansı mərhələlərdən keçirlər? - AÇIQLAMA
“Bu il Formula 1 Azərbaycan Qran Prisində fəaliyyət göstərmək istəyən könüllülərin müraciət sayında rekord qeyd alınıb”. Bunu SİA-ya açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov deyib.
Onun sözlərinə görə, Azərbaycan Qran Prisində könüllü kimi fəaliyyət göstəmək üçün 12 mindən çox insan müraciət edib: “Könüllülərin qeydiyyatı 2018-ci ilin oktyabr ayının sonlarında elan olundu. Noyabrın 3-də isə qeydiyyat başa çatdı. Qeydiyyat prosesini altı gün ərzində bitirməli olduq. Çünki könüllü olmaq üçün 12 mindən çox insan müraciət etdi. Bir gündə 6500 nəfər qeydiyyatdan keçdi. Bu, Azərbaycan üçün rekorddur”.
T.Hümbətov bildirib ki, qeydiyyatdan sonra müsahibə mərhələsi başlayıb və bütün müraciət edənlərlə söhbətlər aparılıb: “Daha sonra yanvardan etibarən ümumi təlimlərə start verildi. Bu mərhələdə müsahibə mərhələsindən keçənlər iştirak etdilər. Burada Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Formula 1, təhlükəsizlik qaydaları, məkanda əməliyyatlar haqqında ətraflı məlumat verildi. Bu təlimlərdən uğurla keçən könüllülər, rol təlimlərinə dəvət olundular. Rol təlimləri fevralın 27-dən etibarən başladı və martın 27-dək davam etdi. Bu təlimlərdə könüllülər işləyəcəkləri konkret sahələr üzrə öz rolları ilə tanış oldular. Onların öhdəlikləri tam izah olundu. Sözügedən mərhələdə komanda formalaşdı və könüllülər bir-birlərini daha yaxından tanımağa başladılar”.
Aprelin əvvəllərindən könüllülərin uniformalar və akkreditasiya komandasının işə başlayacağını deyən BŞH rəsmisi ayın 19-20-dən məkan təlimlərinin start götürəcəyini vurğulayıb: “Könüllülər işçilərə uniforma və akkreditasiyalar paylayacaqlar. Məkan təlimlərində isə könüllülərə məkanda olan əməliyyatlar izah olunacaq, onlar obyektlərlə tanış olacaqlar. Bundan sonra könüllülər yarışda iştirak edəcəklər”.
O qeyd edib ki, 12 min müraciət edən könüllü arasından 3 min nəfər seçilib. T.Hümbətovun sözlərinə görə, builki yarışda Çin, Niderland, Almaniya və digər Avropa ölkələrindən könüllülər iştirak edəcəklər: “Soçi Qran Prisində könüllü kimi fəaliyyət göstərən insanlar da müraciət ediblər. Onlar yarışa az qalmış bura gələcəklər və bütün təlimləri sürətlə keçəcəklər”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB