"Qəbələ" "Səbail"i məğlub edib

"Qəbələ" "Səbail"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib. SİA-nın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Səbail"i qəbul edib. Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. İlk yarıda tərəflərdən heç biri qol vura bilməyib. Fasilədən sonra "qırmızı-qaralar" sürətli qollarla istəklərinə çatıblar. Ceyms Adeniyi 49 və 55-ci dəqiqələrdə çoxgedişli kombinasiyaları dəqiq zərbələrlə tamamlayıb. Bununla da nigeriyalı yarımmüdafiəçi aktivindəki qolların sayını 8-ə çatdırıb. 73-cü dəqiqədə isə "Qəbələ" azlıqda qalıb. Bəhlul Mustafazadə ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. "Səbail" say üstünlüyündən təsəlli qolunu vurmaqla yararlanıb. 84-cü dəqiqədə künc zərbəsindən sonra yeni transfer Elvin Yunuszadə başla topu tora göndərib. Qalan dəqiqələrdə qonaqlar hesabı bərabərləşdirmək imkanlarından yararlana bilməyiblər. Beləliklə, bu qələbə sayəsində xallarını 28-ə çatdıran "Qəbələ" 3-cü pillədəki "Səbail"lə xal fərqini 3-ə endirib. Qeyd edək ki, turun açılış oyununda "Keşlə" "Sabah"ı darmadağın edib - 3:0. "Qarabağ" - "Zirə" matçı isə qolsuz yekunlaşıb. Tura bu gün saat 16:30-da başlanacaq "Sumqayıt" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə