Türkiyə Superliqasının XXIV turu başa çatıb

Türkiyə Superliqasının XXIV turu başa çatıb

Futbol üzrə Türkiyə Superliqasının XXIV turunun yekun oyunları keçirilib. SİA-nın məlumatına görə, “Trabzonspor” səfərdə “Kasımpaşa” ilə qarşılaşıb.

“Rəcəb Tayyib Ərdoğan” stadionunda baş tutan oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 30-cu dəqiqəsində qonaqlar hücumçu Antoni Nvakaemenin qolu ilə hesabı açmağa nail olublar. 45-ci dəqiqədə isə Antoni Nvakaeme özünün və komandasının ikinci qolunu vurub. Birinci hissə bu hesabla başa çatıb - 0:2.

İkinci hissədə meydan sahibləri oyunun tempini artıraraq istəklərinə nail olublar. Stipe Perisa 63-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. “Kasımpaşa”nın bərabərlik qolunu isə 90-cı dəqiqədə Terezequet vurub. Oyun 2:2 hesabı ilə sona çatıb.

Turun digər “Akhisar Bələdiyəspor” və “Alanyaspor” qarşılaşmasında isə qalib meydan sahibləri olub - 3:1.

Türkiyə Superliqasında XXIV turun yekun nəticələrinə görə “Başakşəhər” 54 xalla turnir cədvəlində öz liderliyini qoruyub saxlayır. “Trabzonspor” isə 37 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə