Elnur Məmmədli və Elxan Məmmədov “World Masters”də qızıl medal qazandılar

Elnur Məmmədli və Elxan Məmmədov “World Masters”də qızıl medal qazandılar

Bakıdakı "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən cüdo üzrə "Masters" seriyasında ikinci beynəlxalq turnir başa çatıb. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi, Olimpiya çempionu Elnur Məmmədli qızıl medal qazanıb. Cüdoçumuz həlledici mərhələdə Braziliya təmsilçisi Leandro Guilheironu ippon xalı ilə məğlub edib.

Daha bir Azərbaycan cüdoçusu Elxan Məmmədov isə final mərhələsində Yunanıstan cüdoçusu İlias İliadis üzərində ippon xalı ilə qələbə qazanıb və birinci olub.

Xatırladaq ki, yarışda İlqar Müşkiyev (60) və Tərlan Kərimov (66 kq) bürünc medalın sahibi olublar. Kifayət Qasımova (-57 kq ) və Ramilə Yusubova (63 kq) yarışın 5-si olub.

Bu yarışlarda yalnız 2010-cu ilin nəticələrinə görə müəyyənləşdirilmiş dünyanın ən yaxşı cüdoçuları iştirak ediblər. Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə müvafiq olaraq, turnirə bütün çəki dərəcələrində planetimizin 16 ən güclü idmançısı dəvət olunub. Yarış 7 çəki dərəcəsi üzrə keçirilib.

Turnirinin mükafat fondu 200 min ABŞ dolları olub. Yarışın qaliblərinə 6 min dollar verilib və reytinq olaraq 400 xal hesablanıb. Gümüş mükafatçıların isə hərəsi 4 min dollar və 240 xal alıblar. Bürünc mükafatçılara 2 min dollar və 160 reytinq xalı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə