Vladimir Kramnik şahmatdan getdi

Şahmat üzrə on dördüncü dünya çempionu Vladimir Kramnik karyerasını bitirib. TASS xəbər verir ki, 43 yaşlı şahmatçı bu barədə bazar günü başa çatan “Veyk-an-Zee” turnirinin rəsmi saytına bildirib. Yanvarın 12-dən 27-dək davam edən turnirdə Vladimir Kramnik hollandiyalı Yorden Van Forestlə son pillələri, 13-14-cü yerləri bölüşüb.

“Mən bir neçə ay əvvəl peşəkar şahmat karyeramı bitirmək qərarına gəldim və indi son turnirimi oynayarkən ictimaiyyətə bu barədə məlumat vermək istəyirəm”, - deyə V.Kramnik bildirib. Tanınmış qrossmeyster peşəkar şahmatçı həyatını möhtəşəm səyahətə bənzədib və bütün bunlar üçün şahmata minnətdar olduğunu deyib.

“Amma bununla belə sürətli şahmat və ya blits turnirlərində, eləcə də şahmatla bağlı müxtəlif tədbirlərdə iştirak etmək və onların təbliğatına qatılmaq istəyirəm", - deyə Vladimir Kramnik əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə