“FIFA 19” kompüter oyununun ən yaxşı “11-liyi” açıqlanıb

“FIFA 19” kompüter oyununun ən yaxşı “11-liyi” açıqlanıb

Virtual idman oyunları istehsalçısı “EA Sport” şirkəti “FIFA 19” oyununun ən yaxşı futbolçulardan ibarət “11-liyi”ni açıqlayıb. “EA Sport”un saytı xəbər verir ki, ən yaxşı “11-liyi” futbol müxbirləri, idmançılar və tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti müəyyənləşdirib. Səsvermə nəticəsində 55 futbolçudan 11-i heyətə daxil edilib.

Rəmzi komandanın qapıçısı İngiltərənin “Mançester Yunayted” klubunun qolkiperi David de Xea seçilib. Müdafiə xəttinə isə “Real Madrid” klubundan Rafael Varan, Serxio Ramos, Marselo, “Liverpul”dan isə Virgil Van Diyk daxil edilib. Yarımmüdafiəçilərdən Luka Modriç (“Real Madrid”), Nqolo Kante (“Çelsi”), Kevin de Brüyn (“Mançester Siti”), hücumçulardan isə Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Yuventus”) və Kilian Mbappenin (“Paris Sen-Jermen”) adları siyahıya salınıb.

De Xea ikinci, Serxio Ramos, Marselo, Luka Modriç, Kriştiano Ronaldo və Lionel Messi isə dördüncü dəfədir bu “komanda”da yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə