Ağayar Axundzadə 2010-nu qiymətləndirdi, 2011-in planlarından danışdı - ÖZƏL
"2010-cu il cüdo üzrə Azərbaycan milli komandası üçün uğurlu olub". Bu sözləri SİA-ya açıqlamasında milli komandanın baş məşqçisi Ağayar Axundzadə deyib. Onun sözlərinə görə, 2010-cu ildə idmançılarımızın beynəlxalq yarışlarda iştirakı müvəffəqiyyətli olub: "Avropa çempionatında Elxan Məmmədov 2-ci, Dünya çempionatında isə 3-cü oldu. Dünya Çempionatında həmçinin Ramilə Yusubova 2-ci, Elnur Məmmədli 5-ci oldu. Yeniyetmələrin və gənclərin Avropa çempionatlarında da uğurlu çıxış etdik. 2010-cu ilin normal keçdiyini hesab edirəm".
Baş məşqçi gələn il Olimpiya Oyunlarına lisenziya xarakterli ilk yarışın doğma şəhərdə keçiriləcəyini qeyd edib. Belə ki, o, 2011-ci ilin yanvar ayının 15-də Bakıda usta cüdoçuların beynəlxalq turnirinin təşkil olunacağını vurğulayıb: "Bu turnir Dünya çempionatından sonra Olimpiya Oyunlarına lisenziya baxımından ən çox xal verən yarışdır. Birinci yerin sahibinə 300 xal verilir. Həm də bu yarışa yalnız reytinq cədvəlində yüksək xalı olan idmançılar buraxılır. Bakıdakı turnir idmansevərlər üçün bayram olacaq. Reytinqə görə yarışda Azərbaycandan 2 idmançı iştirak edə bilər - Tərlan Kərimov və Elxan Məmmədov. Ancaq ev sahibi olaraq turnirdə 7 oğlan və 3 qız cüdoçumuz çıxış edəcək. Bundan başqa da lisenziya xarakterli yarışlarda iştirak edəcəyik. Dünya və Avropa çempionatlarında mübarizə aparacağıq".
Baş məşqçi milli komandanın bu il sonuncu məşqini bu gün axşam edəcəyini, yanvarın 4-dən isə Şağan Olimpiya Kompleksində məşqlərə başlayacaqlarını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB