“Bakı”nın üzvləri 3 saylı kimsəsiz uşaq evində olublar

“Bakı”nın üzvləri 3 saylı kimsəsiz uşaq evində olublar

"Bakı" futbol klubunun üzvləri 3 saylı kimsəsiz uşaq evinin qonağı olublar. SİA-nın məlumatına görə, uşaqlarla görüşə klub rəsmiləri, məşqçilər, uşaq və yeniyetmə futbolçular və "Bakı Fanat klubu"nun fəal fanları gəlib.

Əvvəlcə uşaq evinin uşaqlarından seçilmiş komanda ilə "Bakı"nın 10 yaşlılardan ibarət komandası arasında yoldaşlıq oyunu keçirilib. Maraqlı və gərgin keçən oyunda 8 qol vurulub. Tərəflər qolları yarı bölüblər (4:4).

Ardından uşaqlara futbolla bağlı məlumatlar verilib, onlarla sağlam həyat tərzinin önəmi barədə söhbətlər aparılıb. Tərbiyəçilərin də iştirak etdiyi rəsmi hissədən sonra uşaqlara klub şarfları, papaqlar, köynəklər, məktəb ləvazimatları və "Toplu Bakı"  jurnalının nüsxələri təqdim olunub.

Görüş şirniyyat stolu arxasında söhbətlə davam etdirilib. Tədbirin sonunda təşəkkürlərini dilə gətirən məktəb rəhbərliyi belə ziyarətlərin mütəmadi xarakter almasını arzulayıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə