Yeniyetmə güləşçilərimiz beynəlxalq turnirdə qələbə qazanıblar

Yeniyetmə güləşçilərimiz beynəlxalq turnirdə qələbə qazanıblar

Ukraynanın paytaxtı Kiyev şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 1995-1997-ci illər təvəllüdlü yeniyetmələr arasında II Beynəlxalq sərbəst güləş turniri başa çatıb. SİA-nın xəbərinə görə, turniri UAK-ın Kiyev təşkilatının sədri, keçmiş SSRİ və Avropa birinciliklərinin dəfələrlə qalibi, sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivin Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin, Elm və Təhsil, Gənclər və İdman Nazirliyinin, Ukrayna Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edib.

Yarışlarda Azərbaycan, Ukrayna, Rusiya, Belarus və Moldovadan 200-dən çox yeniyetmə iştirak edib. Məşqçi Elşad Allahverdiyevin rəhbərliyi ilə Azərbaycan yığması ümumi komanda hesabında birinci olub.

Qızıl medalları Vurğun Əliyev (42 kq), Ruslan Surxayev (46 kq), Ruslan Aslanov (54 kq) qazanıblar. Vurğun Əliyevə "Qələbə əzminə görə!", Ruslan Surxayevə isə "Ən yaxşı texnikalı idmançı" mükafatı təqdim edilib.

Bundan başqa, komandanın digər üzvləri Ruslan Qasımov (46 kq), Elşən Alxanov (50 kq), Məhəmməd Həsənzadə (54 kq) gümüş, Roman Quliyev (63 kq) bürünc medallara sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə