Musa Süleymanov: “Mən futbol adamı deyiləm, ancaq Tovuz klubuna yardım etmək üçün futbolu öyrənirəm” - CANLI

Musa Süleymanov: “Mən futbol adamı deyiləm, ancaq Tovuz klubuna yardım etmək üçün futbolu öyrənirəm” - CANLI
"Turan" futbol klubuna yeni baş məşqçi təyin olunub. SİA-nın məlumatına görə, türkiyəli mütəxəssis Naci Şensoy klubun yeni baş məşqçisi olub. Bununla əlaqədar klub rəsmiləri bu gün təqdimetmə mərasimi keçiriblər. Mərasimdə klubun prezidenti Musa Süleymanov, klubun idman direktoru Nail Nurəddinoğlu və baş məşqçi Naci Şensoy iştirak edib.

Mərasimdə M.Süleymanov çıxış edərək bildirib ki, o, futbol adamı olmasa da, futbolu öyrənir: "Mən futbol adamı deyiləm, ancaq "Tovuz" klubuna yardım etmək üçün futbolu öyrənirəm. Buna baxmayaraq hesab edirəm ki, strateji yolumuz düzgündür. İş adamı olduğuma görə, bunu görə bilirəm. Bizim klubda 500 nəfərə yaxın uşaq məşq edir. İlin başlanğıcında səhv işlər gördük. Sonra lazımsız legionerləri geri göndərdik. Özümüzünkülərə üstünlük verdik. Hazırda "Turan" yaxşı vəziyyətdədir. Amma daha yaxşı məşqçiyə ehtiyacımız var. Buna görə Naci Şensoyu komandaya dəvət etdik. O, futbolçuların psixologiyasına təsir edə bilir. Uğurlu mütəxəssisdir. "Turan"ın keçmiş adını geri qaytaracağına ümid edirəm". Klub prezidenti keçmiş baş məşqçinin futbolçularla dil baryeri olduğunu, komandada isə onun dilini bilən olmadığını, bu səbəbdən heyətdə anlaşılmazlıq yarandığını vurğulayıb. O, buna görə baş məşqçi ilə yollarını ayırdıqlarını bildirib.

Daha sonra çıxış edən N.Şensoy şairlər ölkəsinə 3-cü dəfə gəldiyinə görə sevindiyini qeyd edib. O, Azərbaycan xalqının ruhunda şairlik olduğunu, buna görə azəriləri çox sevdiyini bildirib: "İkinci dəfə 2004-2005-ci ildə "Turan"da işləmişəm. Daha sonra Türkiyədə, son 3-ildə isə Bolqarıstanda işləmişəm. M.Süleymanov ilə ötən ildə də danışıqlarımız olub. Amma bura gəlmək indi nəsib oldu. Əvvəlki "Turan"ı qaytarmaq istədikləri üçün təklifi qəbul etdim. Mən ötən dəfə "Turan"da olduğum vaxtda Tovuzda bu komandaya keç bir klub qalib gələ bilməmişdi. Bir az çətin olacaq, amma mən çətinlikləri sevirəm. Allah qoysa əvvəlki "Turan"ı qaytaracağam".

Baş məşqçi ilk növbədə işinin "Turanı" Premyer Liqada saxlamaq, önümüzdəki ildə isə çətin olsa da, ilk altılığa salmaq olduğunu qeyd edib: "Düzgün 2-3 transfer edilsə, lazımlı işlər aparılsa buna nail ola biləcəyik".

Klub prezidenti isə baş məşqçi qarşısında daha önəmli məsələlər qoyacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə