Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən konfransda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK-un baş katibi Ağacan Abıyev, AGF-nin vitse-prezidenti Altay Həsənov və AGF-nin rəsmiləri iştirak ediblər. AGF ictimai təşkilat olduğundan konfransa dövlət məmurları sədrlik edə bilmədiyinə görə, sədr A.Həsənov seçilib. Dörd ildən bir keçirilən hesabat-seçki konfransının gündəliyində 3 əsas məsələ qoyulub. Belə ki, ilk öncə federasiyanın nizamnaməsinə edilən dəyişiklik müzakirə olunub. Daha sonra isə 4 illik hesabat cəmiyyətə təqdim olunub və federasiyanın idarə heyəti yenidən seçilib.
Tədbirdə çıxış edən nazir A.Rəhimov AGF-nin bu illər ərzində gördüyü işlərdən danışaraq gimnastikanın ölkəmizdə son dövrlər aparıcı idman növlərdindən olduğunu bildirib. O, 2010-cu ildə Azərbaycan idmanının uğurlarından da söz açıb.
Daha sonra isə A.Həsənov 4 illik hesabatla çıxış edib. O, bədii gimnastika, idman gimnastikası, akrobatika və tamblinq üzrə Azərbaycan idmançılarının iştirak etdiyi beynəlxalq yarışlar və əldə olunan uğurlardan danışıb.
Ç.Hüseynzadə isə AGF-nin işini yüksək qiymətləndirərək, Azərbaycan idmançılarının Pekin Olimpiadasında çıxışlarından danışıb. O, MOK-un AGF-nin işindən razı olduğunu dilə gətirib.
Millət vəkili, AGF-nin icra komitəsinin üzvü Rauf Əliyev federasiyanın 4 illik fəaliyyətinin Azərbaycan idmanında mühim əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Çıxışlardan sonra AGF-nin hesabatının qəbul olunub-olunmaması barədə səsvermə keçirilib və hesabat qəbul olunub.
Daha sonra isə nizamnamədə olunan dəyişişikliklər səsə qoyulub və yekdilliklə qəbul olunub.
Gündəlikdə olan 3-cü məsələ federasiyanın idarə heyətinin yenidən seçilməsi olub. Səsverməyə görə, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva yenidən Federasiyanın prezidenti seçilib. AGF-nin vitse-prezidenti Altay Həsənov, icra komitəsinin üzvləri isə Rauf Əliyev, Rahim Behburov və Arif Qafarov seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB