Badmintonçularımız beynəlxalq turnirdə birinci olublar - FOTOLAR

Badmintonçularımız beynəlxalq turnirdə birinci olublar - FOTOLAR

Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Zambiyanın paytaxtı Lusakada keçirilmiş “Zambia International 2018” turnirində uğurla çıxış ediblər. SİA-nın məlumatına görə, idmançılarımızdan Edi Reski Dviçayo onaltıdabir finalda Kalonde Şarlesə 2:0 (21:11, 21:7) hesabı ilə qalib gəlib. E.Dviçayo ardınca uqandalı Fred Kirabo üzərində 2:0 (21:10, 21:8) hesablı qələbə qazanıb.

Dörddəbir finalda Nigeriya badmintonçusu Qodvin Olofuanı 2:0 (21:3, 21:15) hesabı ilə məğlub edən Edi yarımfinala yüksəlib. Təmsilçimiz yarımfinalda Lüksemburq təmsilçisi Robert Mannı hər iki setdə məğlub edib - 2:0 (21:10, 21:12). Badmintonçumuz həlledici görüşdə nigeriyalı Anuoluvapo Juvon Opeyor üzərində 2:0 (21:11, 22:20) hesablı qalibiyyət əldə etməklə, kişilərin şəxsi yarışında “Zambia International 2018” turnirinin qalibi adını qazanıb.

Digər badmintonçumuz Ezmi Qovimuramadhoni də dörddəbir finaladək rəqiblərinə set vermədən irəliləyib. E.Qovimuramadhoni 1/16 finalda Botsvana, ardınca Zambiya təmsilçilərindən üstü olub - 2:0. O, dörddəbir finalda İordaniya badmintonçusu Bahaedin Əhməd Əlşannikə 1:2 hesabı ilə uduzub.

Kişilərin qoşa yarışında da turnirin qalibi adını badmintonçularımız qazanıblar. Mübarizəyə səkkizdəbir finaldan qoşulan Edi - Ezmi tandemi bu mərhələdə zambiyalı Dalitso Banda - Rodrik Mulenqa Mvansa cütünə 2:0 hesabı ilə qalib gəlib. Badmintonçularımız uğurlu çıxışlarını davamını Zambiya idmançıları Çepus Banda - Endryu Mumba ilə görüşdə də davam etdiriblər - 2:0. Yarımfinalda zambiyalı Nqosa Çonqo - Çizva Nakanda tandemini 2:0 hesabı ilə məğlub edən Edi və Ezmi finalda nigeriyalı Qodvin Olofua - Anuoluvapo Juvon Opeyori cütü üzərində 2:1 hesablı qələbə qazanmaqla kişilərin qoşa yarışında birinci olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə