“2010-cu ilin ən yaxşıları” mükafatlandırılıb

“2010-cu ilin ən yaxşıları” mükafatlandırılıb

Bədən tərbiyəsi və idman sahəsində qazanılmış nailiyyətlərin yekununa həsr olunmuş təntənəli mərasim keçirilib. SİA-nın xəbərinə görə, "Buta Palas"da keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə, vitse-prezident Xəzər İsayev, nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, Bakı Metropolitenin rəisi, Azərbaycan Respublikası Dama Federasiyasının vitse-prezidenti Tağı Əhmədov, federasiya rəhbərləri, idmançılar və jurnalistlər iştirak ediblər.

Mərasimdə dövlət himni səsləndirildikdən sonra nazir Azad Rəhimov çıxış edib. O, Milli Olimpiya Komitəsi və Nazirlik adından Azərbaycanın bütün idman ictimaiyyətini 2010-cu ili uğurla başa vurduqlarına görə təbrik edib.

2010-cu ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu deyən nazir başa çatmaqda olan bu ildə Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı uğurlarından söz açıb. O, ümumilikdə 2010-cu ildə 675 medal qazanıldığını, paytaxtımızda 50-dən çox beynəlxalq yarış keçirildiyini diqqətə çatdırıb.

A.Rəhimov 2011-ci ildə 6 olimpiya idman kompleksinin istifadəyə veriləcəyini, ümumilikdə isə komplekslərin sayının 28-ə çatdığını bildirib.

Daha sonra çıxış edən Çingiz Hüseynzadə Sinqapur Olimpiadasında Azərbaycan idmançılarının qazandıqları uğurları önə çəkib. O, 2010-cu ildə yalnız dünya və Avropa çempionatlarında 30 qızıl medal qazanıldığını bildirib.

Mərasimdə 2010-cu ildə Azərbaycan idmançılarının uğurlarını xronoloji ardıcıllıqla əks etdirən videoçarx nümayiş etdirilib.

Sonda "2010-cu ilin ən yaxşıları" nominasiyası üzrə idman ictimaiyyətinin nümayəndələri mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə