“Real Madrid” “Levante”ni rüsvay etdi

“Real Madrid” “Levante”ni rüsvay etdi

İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyunları keçirilib. SİA-nın məlumatına görə, son oyun günündə 5 matç baş tutub. Kubokun bu dəfəki oyunları məhsuldar olub. Belə ki, "Real" doğma azarkeşlər önündə "Levante"ni biabırçı məğlubiyyətə uğradıb. Madridlilər elə ilk dəqiqələrdən rəqibin qapısını top atəşinə tutmağa başlayıb. Artıq qarşılaşmanın 5-ci dəqiqəsində Benzema hesabı açıb. Bu qoldan 4 dəqiqə sonra Mesut Özil komandasının ikinci qolunu vurub. Bir qədər qol fasiləsi yarandıqdan sonra komandanın fransalı legioneri Benzema hesabı 3:0-a çatdırıb. Bu qoldan sonra kral klubu şou göstərməyə başlayıb. İlk hissənin sonlarında Kriştiano Ronaldu rəqibi bir daha mərkəzdən başlamağa məcbur edib. "Real" fasiləyə 4:0 hesabıyla üstün durumda gedib. İkinci hissədə də madridlilər rəqibə topla oynamağa imkan verməyiblər. Bu hissədə də daha 4 qol vurulub. Ümumi oyunda 3 qol Ronaldu, 3 qol Benzema, 1 qol Özil və son qolu isə Leon vurub. "Real" "Levante"ni 8:0 hesabıyla darmadağın edib. Digər məhsuldar görüşlərdən isə "Sevilya" "Malaqa"nı 5:3 hesabıyla məğlubiyyətə uğradıb. "Almeriya" - "Malyorka" görüşündə meydan sahibləri 4:3 hesabıyla matçdan qalib ayrılıblar.

İspaniya kuboku

1/8 final (ilk oyunlar)

22 dekabr

"Almeriya" – "Malyorka" 4:3
"Atletiko" – "Espanyol" 1:0
"Real" (Betis) – "Xetafe" 1:2
"Sevilya" – "Malaqa" 5:3
"Real" (Madrid) – "Levante" 8:0

Bütün xəbərlər Facebook səhifəmizdə