AGF hesabat xarakterli mətbuat konfransı keçirdi

AGF hesabat xarakterli mətbuat konfransı keçirdi

Bu gün Azərbaycan Güləş Federasiyası (AGF) hesabat xarakterli mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov, sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov və idman şöbəsinin müdiri Yaqub Məmmədov iştirak edib.
E.Cəfərov il ərzində güləş tədbirlərini yüksək səviyyədə işıqlandırdıqlarına görə jurnalistlərə minnətdarlığını bildirib. O, federasiyanın 2010-cu ildə gördüyü işlərdən, idmançılarımızın əldə etdiyi nailiyyətlərdən danışıb. Vitse-prezident qeyd edib ki, 2010-cu il Azərbaycan güləşçiləri üçün uğurlu olub. O, 2009 və 2010-cu illərdə Azərbaycan idmançılarının dünyanın ən yaxşısı seçilmələrini bir daha xatırladıb. Vitse-prezident regionlarda da güləşin inkişaf etdiyini, Gəncədən, Sumqayıtdan Avropa çempionatının mükafatçıları çıxdığını önə çəkib. Yüsək nəticə göstərmiş idmançıların nazirlik tərəfindən mükafatlandırılacağını deyən E.Cəfərov növbəti ilin güləşçilərimiz üçün çətin olacağını bildirib. O, 2011-ci ildə Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar olacağını, İstanbulda lisenziya xarakterli Dünya çempionatının keçiriləcəyini qeyd edib.

Daha sonra tədbirdə qeyd olunub ki, güləşçilərimiz 2010-cu ildə 29 qızıl, 17 gümüş, 20 bürünc medal qazanıblar. Yeniyetmə güləşçilərimiz 03-08 avqust 2010-cu il tarixdə Bosniya və Hersoqovinanın Sarayevo şəhərində keçirilən Avropa çempionatı zamanı 6 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar. Avropa çempionatında 1 qızıl (Kamran Yunusov (69 kq)), 3 gümüş (Mircəlal Həsənzadə (46 kq), Muxtar Sadullayev (63 kq) və Pərviz Axundov (76 kq)) və 3 bürünc (Ruslan Surxayev (42 kq), Fərrux Ələkbərov (54 kq) və Elcan Usubzadə (85 kq)) medal qazanan sərbəst güləşçilərimiz komanda hesabında II yerdə, 4 qızıl (Kərim Cəfərov (42 kq), Murad Məmmədov (46 kq), Hüseyn Abbasov (50 kq) və Rəşad Şükürov (54 kq)) və 1 bürünc (Rövşən Tağıyev (58 kq)) medal qazanan yunan-Roma güləşçilərimiz isə komanda hesabında III yerdə qərarlaşıblar. Avropa çempionatında ilk dəfə iştirak edən yeniyetmə qızlarımız isə 1 qızıl (Kəmalə Əliyeva (49 kq)) və 1 bürünc (Fərəh Rəsulova (56 kq)) medal qazanıb.
Bu il ilk dəfə keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləşçilərimiz 4 qızıl və 1 gümüş medal qazanmaqla yüksək nəticə göstəriblər. Sinqapurda keçirilən Olimpiadada yığmamız yunan-Roma güləşi üzrə 2 qızıl (Murad Bazarov (42 kq), Elman Muxtarov (50 kq)), sərbəst güləş üzrə 1 qızıl (Ali Maqomedabirov (100 kq)) və 1 gümüş (Kənan Quliyev (54 kq)), qadın güləşi üzrə 1 qızıl (Patimat Baqomedova (52 kq)) qazanıb.

Gənclərdən ibarət yığma komandalarımız 30 iyun-4 iyul 2010-cu il tarixdə Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında mübarizə aparıb və ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

20-25 iyul 2010-cu il tarixdə Macarıstanın Budapeşt şəhərində gənclərin Dünya çempionatında yığma komandalarımız ümumilikdə 3 qızıl, 4 gümüş və 3 bürünc medal qazanıb. 2 qızıl (Eldəniz Əzizli (50 kq) və Kamran Məmmədov (60 kq)), 1 gümüş (Qasım Məhəmmədov (55 kq)) və 1 bürünc (Rəsul Çunayev (66 kq)) qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında II yeri tutub. Komanda hesabında II yeri tutan sərbəst güləşçilərimiz 3 gümüş (Toğrul Əsgərov (55 kq), Ümid Məmmədov (60 kq) və Aslanbek Alborov (96 kq)) və 2 bürünc (Nicat Muradov (50 kq) və İbrahim Yusifov (74 kq)) medal qazanıb. Qadın güləşçilərimiz isə 1 qızıl (Marziget Baqomedova (44 kq)) medalla kifayətlənib.

2010-cu il böyüklərdən ibarət yığma komandalarımız üçün də uğurlu olub. 13-18 aprel 2010-cu il tarixdə Bakıda keçirilən Avropa çempionatında güləşçilərimiz ümumilikdə 7 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə yığmamız kapitan Fərid Mansurovun zədələndiyi çempionatı 2 qızıl (Elçin Əliyev (55 kq) və Həsən Əliyev (60 kq)) və 1 gümüş (Elvin Mürsəliyev (74 kq) medalla başa vurub. Sərbəst güləş yığmamız 3 qızıl (Mahmud Məhəmmədov (55 kq), Cəbrayıl Həsənov (66 kq) və Xetaq Qazyumov (96 kq)), 1 gümüş (Şərif Şərifov (84 kq)) və 1 bürünc (Çamsulvara Çamsulvarayev (74 kq)) medal qazanaraq komanda hesabında II yeri tutub. Paytaxtımızda keçirilən Avropa çempionatında qadın güləşçilərimiz 2 qızıl (Sona Əhmədli (59 kq) və Nadya Sementsova (67 kq)) medal qazanaraq, ölkəmizdə qadın güləşinin inkişaf mərhələsində olduğunu nümayiş etdirib.
Rusiyanın paytaxtı Moskvada keçirilən Dünya çempionatını güləşçilərimiz ümumilikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yunan-Roma güləşi yığmamız 1 qızıl (Həsən Əliyev (60 kq)) və 1 bürünc (Vitaliy Rəhimov (66 kq)) medalla komanda hesabında III, sərbəst güləş yığmamız isə 1 qızıl (Xetaq Qazyumov (96 kq)), 1 gümüş (Toğrul Əsgərov (55 kq) və 2 bürünc (Zəlimxan Hüseynov (60 kq) və Cəbrayıl Həsənov (66 kq)) medalla komanda hesabında II yeri tutub. Qadın güləşi yığmamız son dünya çempionatını 1 gümüş (Yuliya Ratkeviç (55 kq)) medalla başa vurub.
Finlandiyanın Laxti şəhərində keçirilən hərbçilərin dünya çempionatında yığma komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə Taleh İsrafilov (66 kq) bürünc, sərbəst güləş üzrə Ağahüseyn Mustafayev (60 kq) qızıl, Müslüm Müslümov (120 kq) gümüş, Əşrəf Əliyev (74 kq) və Hacı Əlicanov (84 kq) bürünc medala yiyələniblər.
İtaliyanın Torino şəhərində tələbələrin Universiadasını yığma komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Yunan-Roma güləşində Orxan Paşayev (60 kq) və Rəsul Çunayev (66 kq) qızıl, Orxan Əhmədov (55 kq) bürünc medal, sərbəst güləş üzrə İbrahim Yusubov (74 kq) gümüş, Azər Paşayev (55 kq) bürünc medal qazanıb.

Beləliklə, bütün yığma komandalarımız 2010-cu ildə keçirilən mötəbər beynəlxalq turnirlərdə (Avropa və dünya çempionatları, Olimpiya Oyunları) ümumilikdə 66 medal qazanıblar ki, bunlardan 29-nun əyarı qızıl, 17-si gümüş, 20-si isə bürüncdür.

Bütün xəbərlər Facebook səhifəmizdə