"MOİK Müdafiə Nazirliyinin dəstəyi sayəsində bundan sonra da fəaliyyətini davam etdirəcək"

"MOİK Müdafiə Nazirliyinin dəstəyi sayəsində bundan sonra da fəaliyyətini davam etdirəcək"

Son günlər ölkə mətbuatında Mərkəzi Ordu İdman Klubunun futbol komandası (MOİK) ilə bağlı həqiqətə uyğun olmayan silsilə yazılar dərc olunmaqdadır. İddialara görə, guya rəhbərlik futbolçuların əməkhaqlarını verə bilmədiyindən, MOİK fəaliyyətini dayandıracaq və bir klub kimi ləğv ediləcək.

Klubdan SİA-ya verilən xəbərə görə, MOİK rəhbərliyi rəsmən bəyan edir ki, bütün bu yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. 2002-ci ildən etibarən peşəkar futbol klubu statusu daşıyan MOİK Müdafiə Nazirliyinin dəstəyi sayəsində bundan sonra da fəaliyyətini davam etdirəcək. Mətbuatda dərc edilən məqalələrin əksinə olaraq, klubda heç bir maliyyə problemi yoxdur.

Xatırladaq ki, KİV-də MOİK-in dekabrın 18-də Unibank Premyer Liqasının 18-ci turu çərçivəsində "Xəzər-Lənkəran"la oyuna çıxmayacağı barədə də əsassız fikirlər səsləndirilirdi. Lakin komandamızın "Xəzər-Lənkəran"la görüşü bu iddiaların absurd olduğunu göstərdi. Analoji fikirlər dekabrın 21-də mətbuatda işıq üzü gördü. Bildirilirdi ki, guya MOİK dekabrın 23-də "Simurq"la oyuna çıxmayacaq. Qeyd etmək istərdik ki, MOİK-in əvəzedici heyəti artıq Zaqataladadır, əsas komanda isə bu gün axşam saatlarında səfərə yollanacaq.

Göründüyü kimi, MOİK-i istəməyənlər, hər fürsətdə komandamız barədə yanlış fikir səsləndirənlərin növbəti iddiası boşa çıxdı. Yaxşı olardı ki, KİV nümayəndələri öz yazılarında MOİK-in orta yaş həddinə görə Premyer Liqada ən gənc kollektiv olmasına, heyətində demək olar, legioner oynatmamasına diqqət yönəltsinlər. MOİK indiyədək Azərbaycan futboluna bir sıra istedadlı oyunçular bəxş edib və indi də heyətdə futbolumuzun gələcək ulduzları yer alıblar. Belə bir perspektivli komanda barədə bəzi mətbu orqanların "qara piar" aparması yox, dəstək göstərməsi daha məqsədəuyğun olardı. 2010/11 mövsümünün debütantı olan MOİK-in əsas məqsədi Premyer Liqada yerini qorumaqdır. Əgər cari mövsüm bu məqsədimizə çatmasaq, növbəti ildə I divizionda iştirak edib, yenidən Premyer Liqaya dönməyə çalışacağıq!

Bütün xəbərlər Facebook səhifəmizdə