İki güləşçimiz DÇ-nin 1/4 final mərhələsinə yüksəlib

İki güləşçimiz DÇ-nin 1/4 final mərhələsinə yüksəlib

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışın 7-ci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.

Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov (60 kq) qırğız güləşçisi Kali Süleymanov ilə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov (67 kq) 1/16 finalda erməni güləşçisi Karen Aslanyan ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən prinsipial görüşdə həmyerlimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamran 1/8 finalda ukraynalı güləşçi Denis Demyankovu da 7:3 hesabı ilə üstələyib. Dörddəbir final mərhələsində Azərbaycan təmsilçisinin rəqibi rusiyalı Artyom Surkov olacaq.

Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov (87 kq) 1/16 finalda yamaykalı rəqibi Lesyan Kusin Otomuya (5:2) qalib gəlib. Həmyerlimiz növbəti mərhələdə yunan həmkarı Dimitrios Tsekeridisə (11:2) heç bir şans tanımayıb. Dörddəbir finalda İslam Abbasov Belarus pəhləvanı Radik Quliyev ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə