AŞF 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

AŞF 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

Azərbaycan Şahmat Federasiyası (AŞF) 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mərasimdə çıxış edən AŞF prezidenti Elman Rüstəmov Azərbaycanda şahmatın inkişafından danışıb. O, Azərbaycan şahmatçılarının beynəlxalq səviyyədə uğurlu nailiyyətlərindən söz açıb. E.Rüstəmov Xantı-Mansiyskda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında iştirak etmiş qadınlardan ibarət yığmamızın nailiyyətini xüsusi vurğulayıb. Daha sonra kişi şahmatçılardan danışan E.Rüstəmov Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun 2011-ci ilin mayında keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazandıqlarını vurğulayıb: "Həm T.Rəcəbov, həm də Ş.Məmmədyarov hazırkı formalarının pik nöqtəsindədirlər. Onlara iddiaçılar turnirində uğurlu çıxış etmələri üçün əlimizdən gələn köməyi edəcəyik. Heç kimin şansı onlarınkından çox deyil".

Sonra AŞF-nin vitse-prezidenti Faiq Həsənov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdirinin müavini İsgəndər Şəkinski, aparıcı qadın şahmatçımız Zeynəb Məmmədyarova, yığmamızın baş məşqçisi Fikrət Sideifzadə də çıxış edərək Azərbaycan  şahmatının uğurlarından danışıblar.

Daha sonra 2010-cu ildə fərqlənən şahmatçılar mükafatlandırılıb. 8 yaşadək şahmatçılar arasında Avropa və dünya çempionu olmuş Abdulla Qədimbəyliyə pul mükafatından əlavə, qiymətli hədiyyə də təqdim olunub. Eyni zamanda, Ülviyyə Fətəliyeva, Vasif Durarbəyli, Xəyalə Abdulla, İzzət Kənan, Nərmin Kazımova, qadınlardan ibarət yığmamızın üzvləri pul mükafatına layiq görülüblər. Vasif Durarbəyliyə beynəlxalq qrossmeyster, Lyudmila Barışnikova, Vitali Safronov, Mirəli Məmmədzadə beynəlxalq dərəcəli hakim sertifikatı, 1 saylı Nəsimi Şahmat Məktəbinə isə kubok verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə