Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin təqdimatı olub - FOTOLAR
Bu gün Gənclər və İdman Nazirliyində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə seçilmiş 17 gənc səfirin təqdimat və mükafatlandırma mərasimi baş tutub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gənc səfirlərin seçimi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ölkəmizdə ilk dəfə olaraq birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov və BMT İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini Alessandro Frakasseti iştirak ediblər.
Nazir A.Rəhimov, 17 gənc səfiri təbrik edərək, onlara məsuliyyətli işdə uğurlar arzu edib. Nazir gənclərin Azərbaycan, BMT və eyni zamanda, dünya səviyyəsində çox böyük uğur qazanacaqlarına inandığını bildirib . A.Rəhimov qeyd edib ki, gənc səfir seçilmək üçün müsabiqəyə 220-dən çox ərizə daxil olub. Bu gənclərdən ilkin mərhələdə 53-ü, seçim prosesinin yekununda isə, müvafiq bilik və bacarıqlara malik 17-i, 2 il müddətinə (01.11.2018-31.10.2020) Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfir seçilib.
BMT İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini Alessandro Frakasseti Gənclər və İdman Nazirliyinə göstərdiyi dəstək üçün öz təşəkkürünü bildirib, bu gənclərin hər birinin təmsil edəcəkləri sahədə uğurlu olacaqlarına inandığını qeyd edib.
Qeyd edək ki, seçilmiş 17 gənc səfirin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına dəstək olmaq, milli hesabatların hazırlanmasına töhvə vermək və ölkədə DİM-lərlə əlaqəli həyata keçirilən təşəbbüslərdə fəal iştirak etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB