İdmançıları yarışlara həsrət qoyan bəla - ARAŞDIRMA

İdmançıları yarışlara həsrət qoyan bəla - ARAŞDIRMA

Bu gün bütün dünyada idmançıların dopinqə “ilişməsi” böyük problemə çevrilib. İnkişaf edən elmi texniki tərəqqi sayəsində hazırda dopinq sayılan maddələri qəbul edən idmançı heç bir vəchlə bunu gizlədə bilmir. Əvvəllər yoxlamalar zamanı müəyyən vasitələrlə qəbul etdikləri maddələri gizlətməyi bacaran idmançılar indi buna nail ola bilmirlər. Çünki bu sahə o qədər inkişaf edib ki, idmançıdan götürülən nümunə hətta 10 il Ümumdünya Antidopinq Agentliyinin (WADA) akkreditə olunmuş xüsusi laboratoriyasında saxlanılır və bu müddətdə testlər yenidən aparıla bilər. Hər gün texnologiyanın inkişaf etdiyini nəzərə alsaq, 3 il öncə aşkarlana bilməyən qadağan olunmuş maddə bu gün yenidən yoxlamalar zamanı tapıla və müvafiq sanksiyalar tətbiq oluna bilər.

İdmançıların dopinq sayılan maddələri qəbul etmələri isə bir neçə səbəbdən irəli gəlir. Bəzən qalib gəlmək arzusu ilə qəsdən, bəzən isə xəstəlik, zədələnmələr, vitaminizasiya zamanı və ya başqa səbəbdən bilmədən dopinq sayılan maddə qəbul edilir.

Elə buna görə də bütün dünyada olduğu kimi, Azərbaycanın da bəzi idmançıları problemlərlə üzləşirlər. Hətta bir neçə il öncə nüfuzlu yarışlarda bəzi idmançılarımızdan götürülən nümunələrdə qadağan olunmuş maddə aşkar olunmasa da, illər sonra yeni vasitələrlə təkrar yoxlama zamanı nümunələrdə dopinq olduğu müəyyən olunub və onlara qarşı sanksiya tətbiq edilib.

Dopinq probleminin elmi, qanuni yolla həlli, Azərbaycan idmançılarının bu bəladan uzaq olmaları, sağlam idman rəqabəti və ölkə idmanının inkişafının davamlı olması üçün dövlətimiz tərəfindən ciddi addımlar atılır. Milli Məclis tərəfindən “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun qəbul olunub. Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yaradılıb. Agentlik yarandığı gündən aktiv fəaliyyətə başlayıb və WADA ilə yaxından əməkdaşlıq edir. WADA isə Azərbaycanı anti-dopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxardıb və ölkəmizdə bu sahədə aparılan işləri yüksək qiymətləndirərək Azərbaycanın bu addımlarına öz dəstəyini nümayiş etdirir.

Doğrudur, heç bir idmançı qəsdən dopinq qəbul etdiyini etiraf etmir. Ancaq indi inkişaf etmiş fəaliyyət nəticəsində bunun nə dərəcədə düzgün olub-olmadığı müəyyənləşdirilir və yüngülləşdirici hal olub-olmadığı ortaya çıxarılır.

AMADA ölkəmizdə bu sahədə hansı işlər görür? İdmançılar əsasən qəsdən, yoxsa bilmədən qadağan olunmuş maddələr qəbul edirlər? İdmançıların səhvən qadağan olunmuş maddələri qəbul etməmələri üçün hansı işlər aparılmalıdır? Federasiya, AMADA, idmançı və həkim arasında əlaqələr necə qulurmalıdır? Ümumiyyətlə dopinq problemi yaşamamaq üçün nə etmək lazımdır? Bütün bu və digər sullara cavab tapmaq üçün SİA mövzu ilə əlaqədar araşdırma aparıb.

Araşdırmamız zamanı bu sahənin mütəxəssisləri və mövzu ilə birbaşa bağlı olan şəxslərdən məlumatlar aldıq. Həm aparılan uğurlu işlər, həm də bir çox problemlər ortaya çıxdı.

“İdmançı və həkim qadağan olunmuş maddələrin siyahısını bilməyə məsuliyyət daşıyır”

AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyevə bildirdi ki, bəzi hallarda idmançıların təhsilinin azlığı, məlumatsızlıq onların istəməyərəkdən dopinq sayılan maddələri qəbul etməklərinə gətirib çıxarır:

- Biz mütamadi olaraq maarifləndirmə işləri aparırıq. Hər il qadağan olunmuş maddələrin siyahısını təqdim edirik və saytda dərc edirik. Bu il də oktyabrın 1-də WADA siyahını açıqlayıb. Biz hazırda onun tərcüməsi ilə məşğuluq. Ancaq AMADA-nın bu siyahını təqdim edib və etməməsinin fərqi yoxdur. Sözügedən siyahı WADA-nın saytında olur. İdmançı və həkim qadağan olunmuş maddələrin siyahısını bilməyə məsuliyyət daşıyır. İdmançıların təhsilinin azlığı, məlumatsız olmaları onların bilmədən qadağan olunmuş maddələrdən istifadəsinə gətirib çıxardır.

Bəzən isə idmançı qalib gəlmək üçün qəsdən dopinqdən istifadə edir. Bəlkə də onlar fikirləşirlər ki, ya yoxlanılmazlar, ya da testdə dopinq aşkarlanmaz.

WADA-nın qanunlarına görə, idmançı dopinq istifadə etdiyini əgər etiraf edirsə, bu, yüngülləşdirici hal kimi qəbul olunur, ancaq atleti məsuliyyətdən azad etmir. Bütün hallar AMADA-nın tərkibində müstəqil fəaliyyət göstərən İntizam Komitəsinin qurduğu məhkəmədə araşdırılır. Ora idmançı da dəvət olunur.

Bəzi federasiyalarda həkim yoxdur...

- Bizim saytımız və telefon nömrəmiz hər zaman açıqdır və bütün suallara cavab veririk. İdmançılar və həkimlər bizə müraciət edirlər və suallarını ən qısa zamanda cavablandırırıq. İdmançı hər hansı dərman və ya preparat qəbul etməzdən öncə hər zaman federasiyanın və ya klubun həkimi ilə məsləhətləşməlidir. Həkim isə dopinq sayılan maddələri bilməli və idmançıya düzgün istiqamət verməlidir. Ancaq idmançı xəstəxanada qadağan olunmuş maddə qəbul edirsə, federasiyanın həkimi məsuliyyət daşımır. Təsəvvür edin ki, bəzi federasiyalarda həkim yoxdur. Bu, dəhşətdir. Bəzi dərmanlara başqa ölkələrdə başqa tərkib qatıla bilər. Ona görə federasiya və klublarda həkim mütləq olmalı, bu prosesləri diqqətdə saxlamalı və idmançılara məlumatlar verməlidir.

“Bu sahədə məsuliyyətsizlik edən federasiya əməkdaşları, idmançılar, məşqçilər və həkimlərə qarşı sanksiyalar tətbiq oluna bilər”

- WADA-nın qanunlarına əsasən, qeydiyyata alınmış test qrupuna daxil olan idmançılar AMADA-ya məkan məlumatlarını bildirməlidirlər. Belə idmançılar daxili antidopinq proqramına əsasən seçilirlər. Məsələn, hansısa idmançı haqqında agentliyə məlumat daxil olarsa, idmançının ardıcıl nəticələri şübhə doğurarsa və ya hansısa yarışda iştirak edəcəyi nəzərə alınaraq məkan məlumatı istənilir. Bu o demək deyil ki, həmin idmançı dopinq qəbul edib. Sadəcə yoxlamaq üçün belə addım atılır. İdmançı hər gün bir saat müəyyənləşmiş elektron pəncərədə öz məkan məlumatını qeyd etməlidir. O, harada olduğunu düzgün bildirməlidir. Atlet qeyd etdiyi zamanda, bildirdiyi yerdə olmalıdır. Dopinq nəzarət inspektoru istənilən vaxt öncədən məlumat vermədən idmançının qeyd etdiyi zamanda bildirdiyi yerə gedib ondan nümunə götürə bilər. Əgər idmançı həmin vaxt həmin yerdə olmasa, bu bir məkan boşluğu xətası sayılır. O zaman həm federasiyaya, həm də idmançıya xəbərdarlıq edilir və sistemə qeyd olunur. Müəyyən olunmuş saat ərzində zaman və məkan məlumatını verməmək də məkan boşluğu xətası sayılır və yenə xəbərdalıq məktubu göndərilir. Əgər bu hallar bir ildə 3 dəfə təkrarlanarsa, ona qarşı sanskiya tətbiq olunur və 1, yaxud 2 illik idmandan uzaqlaşdırılır.

Qeyd edim ki, bəzi hallarda idmançılar bu prosesə məsuliyyətsiz yanaşırdılar. Federasiyaların bir nəfər əməkdaşı idmançıların məkan məlumatlarını doldururdu. Ancaq idmançılara sanksiyalar tətbiq olunandan sonra bunun önəmli olduğunu başa düşdülər.

Atletlər məkan məlumatlarına 6 aydan bir neçə ilə müddətinə qədər qoşula bilərlər. Bu proses başa çatanda isə idmançı bundan xəbər tutur.

Bu sahədə məsuliyyətsizlik edən federasiya əməkdaşları, idmançılar, məşqçilər və həkimlərə qarşı sanksiyalar tətbiq oluna bilər.

Dopinq testin müsbət nəticəsindən başqa, hansı hallarda anti-dopinq qaydaları pozulmuş sayılır və sanksiya tətbiq olunur?

- AMADA nümunələri Almaniyanın Köln şəhərindəki Kalona laboratoriyasına göndərir. Cavab müsbət gələrsə, İntizam Məhkəməsində qərar qəbul olunur.

Qeyd edim ki, idmançıya yalnız qanında və sidikdə tapılan qadağan olunmuş maddəyə görə sanksiya tətbiq olunmur. Anti-dopinq qaydalarının pozulmasını bildirən 10 maddə var. Məsələn, idmançı testdən imtina edərsə, məkan məlumatları verməzsə, qadağan olunmuş maddəni əldə etməyə cəhd göstərərsə və ya üzərində gəzdirərsə və s. anti-dopinq qaydalarını pozmuş olur və ona qarşı sanksiya tətbiq edilir. Atlet ilə işləyəməyə, sual-cavaba imkan verməyən məşqçi, idmançıya qadağan olunmuş metodu tətbiq edən (Məsələn, yarış zamanı idmançının gücünü artırmaq üçün sistem köçürülməsi) həkim də sanksiya ilə üzləşə bilər. Bu zaman idmançıya da sanksiya tətbiq olunur.

Bir qrup insan istəyir ki, idmançılar qadağan olunmuş maddələrdən istifadə etməsinlər, digər qrup isə fikirləşir ki, necə etsinlər ki, həmin maddələr nümunədə aşkar edilməsin.

Buna görə, idmançıdan 2 nümunə götürülür. A nümunəsi yoxlanılır, B nümunəsi isə 10 il müddətinə WADA-nın akkreditə olunmuş xüsusi laboratoriyasında saxlanılır. Tibb hər il daha da inkişaf edir. Bu gün tapılmayan maddələr 2-3 ildən sonra həmin nümunədə tapıla bilər. Sonradan hansısa məlumat daxil olarsa, B nümunəsi açılır və yenidən yoxlanılır. İdmançı da A nümunəsinin nəticəsi ilə razılaşmayanda B analizini açdırıb yoxlatdıra bilər. Bu isə bahalı prosesdir. Bunun xərcini federasiyanın da ödəməsi mümkündür. Ancaq idmançı özündən çox əmin olmalıdır ki, B nümunəsinin dopinq testinin nəticəsi yenidən müsbət olmayacaq.

“İdmançıya qəsdən və ya məsuliyyətsizlik edərək dopinq verənlərə qarşı cəza tədbirlərini tənzimləyən və nəzarət edən orqan yoxdur”

- Azərbaycan qanunvericiliyində anti-dopinq sahəsinə aid qanun var. Məcəllədə müəyyən dəyişikliklər olması gözlənilə bilər. Məsələn, qanuna görə, qadağan olunmuş maddəni idmançıya qəsdən və ya məsuliyyətsizlik edib verən məsul şəxslərə qarşı da cəza tədbirləri görülməlidir. Ancaq bunu tənzimləyən və nəzarət edən orqan yoxdur. Bu istiqamətdə işlər aparılır.

“Əsas problemlərdən biri klublarda həkimlərin olmamasıdır”

Boks üzrə Azərbaycan milli komandasının həkimi Zaur Abdullayev idmançıların qadağan olunmuş maddələrdən bilməyərək istifadə etməsinin səbəbini daha çox klublarda həkimlərin olmaması ilə əlaqələndirdi:

- Federasiyaların həkimləri yalnız milli komandaların idmançılarını nəzarətdə saxlayırlar. Əsas problemlərdən biri klublarda həkimlərin olmamasıdır. Yalnız dopinqlə bağlı deyil, baş verə biləcək zədələnmə, yaralanmalar zamanı ilkin tibbi yardım göstərilməsi üçün də həkimin fəaliyyəti vacibdir.

Biz yığma komandanın üzvlərini qadağan olmuş maddələrlə bağlı mütəmadi olaraq maarifləndiririk. Ancaq bütün farmatalogiyanı idmançıya çatdırmaq mükün deyil. Heç bəzi həkimlər bütün farmatalogiyanı bilmir. Çünki yeni adlarla yeni preparatlar çıxır. Gərək bunu izləyəsən. İdmançının isə bunlara vaxtı ola bilməz. Ona görə, çalışırıq atletlərə elementar məlumatları çatdıraq. Ezamiyyətdə, xaricdə yarışlarda olanda və ya digər səbəblərdən idmançının yanında olmayanda onların bizimlə əlaqə saxlamasını tapşırırıq. Hər hansı həkim resept yazanda isə bizə göndərirlər və o dərmanları araşdırırıq. Hansısa klinikada müalicə alanda da idmançıya oradakı həkimlərə peşəkar idmanla məşğul olmaları barədə məlumat vermələrini deyirik.

“Bəzi qaranlıq məqamlar var”

- Bəzən test götürüldükdən bir neçə il sonra idmançıların nümunələrinin müsbət nəticə verdiyi açıqlanır. Burada bəzi qaranlıq məqamlar var. Məsələn, diskvalifikasiya maksimum 4 il olur. İdmançından götürülən nümunədən isə 5 il sonra qadağan olunmuş maddə tapılır. Artıq sanksiya tətbiq olunmamalıdır, ancaq olunur.

Digər qaranlıq məqam isə sübutun olmamasıdır. Məsələn, idmançıdan götürülən A və B nümunəsindən A nümunəsini açıblar və dopinq çıxmayıb. Bir neçə ilə sonra isə saxladıqları B nümunəsini açırlar və müsbət nəticə verdiyini bildirirlər. İdmançı isə nəticəyə şübhə ilə yanaşır. Onların əlində bunu sübut etmək üçün 3-cü nümunə olmur.

Növəti qaranlıq məqam isə, nümunədən icazəsiz istifadədir. Dopinq nümunəsi götürüləndə blank doldurulur. Orada gələcəkdə analizin elm üçün istifadəsinə razılıq verilib-verilməməsi haqda xana olur. Əgər idmançı razılıq vermirsə, onun icazəsi olmadan bu nümunənin açılması da qanunsuzdur.

“İdmançılar bilmədən sadə vəziyyətdə dopinq sayılan maddələri qəbul edirlər”

- İdmançılar arasında maarifləndirmə işləri daha da çoxaldılmalıdır. Çünki, idmançılar bilmədən sadə bir vəziyyətdə dopinq sayılan maddələri qəbul edirlər. Bir misal göstərim. Bəzən düzgün olmasa da, idmançılar çəki salmaq üçün sidikqovuculardan istifadə edirlər. Ancaq bunlar da qadağan olunmuş maddələrdir. Çünki sidikqovucular dopinq sayılan maddələri gizlədir. Dopinqin bədəndən təmizlənməsi isə idmançının fizioloji durumundan və maddələrdən asıldır. Belə maddələr əsasən piy qatlarında qalırlar. Piy qatı nə qədər qalın olsa, bu maddələr o qədər gec təmizlənəcək. Bu, bir həftə də ola bilər, 2 il də.

Qeyd edim ki, AMADA mütəmadi olaraq idmançıları yığıb yeni qaydalar və yeni dərmanlarla tanış edir. Onlar bütün yenilikləri idmançılara çatdırırlar.

“Dopinq bəlasının kökü kəsilməsə, onlarla istedadlı idmançının ulduzu yarı yolda sönəcək”

Taekvondo üzrə milli dərəcəli hakim Təranə Xudabaxşiyeva anti-dopinq sahəsində həm problemlər, həm də əldə edilən irəliləyişlər haqda danışdı:

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da dopinq problemi var. Çünki bu problemin köklü həlli çətindir və vaxt tələb edir.

Öncə etiraf etməliyik ki, idmançıların bəziləri bilərəkdən dopinq qəbul edirlər. Qadağan edilmiş maddələrin bilmədən qəbul edilməsinin səbəblərindən biri isə federasiya həkimlərinin idmançılara ciddi nəzarət etməməsidir. Bəzən dopinqə düşən dərmanları ən sonda federasiya həkimləri bilir və idmançıları gec məlumatlandırırlar.

Onu da deyim ki, bəzi qidalarda da dopinq sayılan maddələr olur. İdmançı da bilmədən həmin qidadan dadır və nəticədə qanında dopinq aşkarlanır. Ona görə də hər bir milli yığma üzvünə ciddi nərazət edilməli, onun qidalanmasına həkim nəzarəti olmalıdır. Əks halda bu cür problemlər hələ çox olacaq.

Düşünürəm ki, Azərbaycanda son illərdə dopinqlə mübarizə nəzərə çarpacaq şəkildə artıb. İllər öncə daha çox idmançının qanında dopinq aşkarlanırdısa, son bir neçə ildir ki, belə deyil. Bu isə sevindirici haldır. Bu sahəyə nəzarət daha da artmalıdır. Dopinq bəlasının kökü kəsilməsə, onlarla istedadlı idmançının ulduzu yarı yolda sönəcək.

Nəzərinizə çatdıraq ki, hazırda AMADA-nın rəsmi saytında 25 Azərbaycan idmançısına qarşı sanksiya tətbiq olduğu qeyd edilib. Cüdo, boks, ağır atletika, voleybol, güləş, taekvondo, atletika, həndbol, bodibildinq idman növləri ilə məşğul olan bəzi idmançılarımız müvafiq olaraq 12 aydan 96 ayadək diskvalifikasiya olunublar.

Daha ətraflı məlumatı AMADA-nın rəsmi saytındakı "Sanksiyalar" bölməsindən əldə etmək mümkündür:

http://amada.az/result-management/sanction/

Dopinq problemlərini, çıxış yollarını, anti-dopinq sahəsində aparılan işləri mütəxəssislərin dili ilə oxucuların nəzərinə çatdırdıq. Apardığımız araşdırma idmançılar üçün də çox yararlı məlumatlarla zəngindir. Ümid edirik ki, ölkəmizdə anti-dopinq sahəsində görülən uğurlu işlərin nəticəsi olaraq, bütün idmançılarımız təmiz idman mübarizəsinə üstünlük verəcək və sanksiyalarla üzləşməyəcəklər.

Elgün Vidadioğlu

SİA

Bütün xəbərlər Facebook səhifəmizdə