Yığmamız heç-heçə edib

Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Xatırladaq ki, bu komandalar arasında növbəti oyun oktyabrın 25-də, saat 12:00-da keçiriləcək.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd oyunla bağlı fikirlərini bildirib: “Bolqarıstan yığması çox yaxşı, mobil komandadır. Oyun çox ağır keçdi. Dünən Bakıdan Sofiyaya, ordan isə Sliven şəhərinə ümumilikdə 14 saatlıq yorucu yol qət etsək də, futbolçularımız əzmkar mübarizə apardılar. Buna görə onlara təşəkkür edirəm. Oyunda müəyyən çatışmayan nüanslar oldu və bunun üzərində çalışacağıq. Təəssüf ki, qol vura bilmədik. Amma futbolçular verilən tapşırıqları maksimum yerinə yetirmək üçün çox çalışdılar. Avropa çempionatının seçmə mərhələsinə qədər səylə çalışmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə