Qurban Qurbanov: "Biz hələ kişiləri bir yerə çıxaraq, ondan sonra qadın futbolu haqda düşünərik"

Qurban Qurbanov: "Biz hələ kişiləri bir yerə çıxaraq, ondan sonra qadın futbolu haqda düşünərik"
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) "Qarabağ" klubunu "ilin komandası" seçib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq Gənclərə Yardım Fondunun konfrans zalında təltifetmə mərasimi keçirilib. Təşkilat üzvləri, klub azarkeşləri, eləcə də jurnalistlərin iştirakı ilə keçirilən tədbirin qonaqları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və klubun aparıcı üzvləri olan Maksim Medvedevlə Rəşad Sadiqov olublar. Tədbiri giriş sözü ilə açan AGAT-ın sədri Gülsel Səfərova öncə rəhbərlik etdiyi təşkilat və gördükləri işlər haqda tədbir iştirakçılarına məlumat verib. Daha sonra niyə məhz "Qarabağ"ı ilin komandası seçmələrinə bir daha aydınlıq gətirərək ağdamlıların Avropada Azərbaycanı layiqincə təmsil etdikləri üçün bu ada layiq görüldüyünü diqqətə çatdırıb. Təşkilat sədri daha sonra sözü "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova verib. Qurbanov öncə onları bu mükafata layiq görən AGAT-a öz təşəkkürünü bildirib: "Avropa Liqasında uğurlu oyunlara görə bizə çox təbriklər gəlib. Lakin bugünkü mükafat bizi daha da fərəhləndirdi. "Qarabağ"ı ilin komandası seçdiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. İnanıram ki, bu, bizim ilk belə əməkdaşlığımız olmayacaq. Gələcəkdə nəinki sizin təşkilat, eləcə də digər təşkilatlarla da iş birliyimiz olacaq. Əlbəttə ki, bizim də əsas arzumuz və məqsədimiz Azərbaycan futbolunu beynəlxalq səviyyədə tanıtmaqdır".
Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb: "Mən bu kluba baş məşqçi təyin olunduğum ilk gündən burada işləməyin nə qədər məsuliyyətli olduğunu anlamışdım. Burada əsas məqsədim Qarabağı beynəlxalq aləmdə də layiqincə təmsil etməkdir. Şükürlər olsun ki, "Qarabağ" artıq nəinki ölkə daxilində, eləcə də Avropada da uğurlu çıxış edir. Növbəti il daha da irəli gedərək, Avropa turnirlərinin qrup mərhələsində çıxış etmək istəyirik. Lakin hazırda komandamızda müəyyən çətinliklər var. Amma bunları arxada qoyacağımıza inanıram. "Qarabağ" mənim üçün bütün komandalardan üstündür. Bu komanda ilə daha çox uğur qazanmaq istəyirəm. Çünki ağdamlıların yetərincə problemləri var. Onların əksəriyyəti öz ata-baba yurdlarından didərgin düşüblər. Biz də komanda olaraq, öz uğurlarımızla bu insanların problemlərini unutdurmağa çalışacağıq. Məhz buna görə də hazırda bütün diqqətimi bu komandanın uğurlarına yönəltmişəm".
Qurbanov komandanın gələcək planları barədə də danışıb: "Qış fasiləsində heç bir futbolçu ilə yollarımızı ayırmağı düşünmürük. Bu, mayda ola bilər. Əvəzində qış fasiləsində bir neçə yeni futbolçu transfer etməyi planlaşdırırıq. Komandanın gələcəkdə uğurlu çıxış etməsi üçün daha çox uşaq futboluna diqqət yetirməliyik. Lakin uşaq futbolu ilə yanaşı, hər bir klubun lazımı səviyyədə infrastrukturu, bazası və gözəl stadionu da olmalıdır. Hazırda bu sahədə işlər uğurla həyata keçirilir. Bunun nəticəsini görmək üçün zamana ehtiyac var".
Qurbanov Azərbaycan qadın futbolunun zəif inkişaf etməsilə bağlı verilən suala lokanik, eyni zamanda zarafatla cavab verib: "Biz hələ kişiləri bir yerə çıxaraq, ondan sonra qadın futbolu haqda düşünərik".
Maksim Medvedev isə komandasının daha da irəli gedəcəyinə olan inamını ifadə edib: "Çox sevindirici haldır ki, "Qarabağ" komandasının adı artıq Avropada da səslənir. Əməyimizi qiymətləndirən insanlara da öz təşəkkürümü bildirirəm. Bundan sonra da bu mükafata layiq olmağa çalışacağıq. Biz üzərimizə düşən vəzifəni artıqlaması ilə yerinə yetirsək, daha da irəli gedəcəyik". Medvedev azarkeşlərdən də dəstək istəyib: "Qarabağ"ın futbolumuza verdiyi töhfəni danmaq olmaz. Çünki bu klubda gənclərə daha çox şans verilir. Rəhbərlik də bizə lazımi şəraiti yaradıb. Biz Quzanlıda oynayarkən oranın azarkeşlərinə heyran qalırdım. Çox möhtəşəm dəstək var idi. İstərdim ki, həmin azarkeşlər gəlib Bakıda da bizə dəstək olsunlar".
Rəşad Sadiqov da öncə onları ilin komandası seçən AGAT-a minnətdarlığını bildirib: "Bu mükafatı aldığımıza görə çox sevinirik. Biz futbolçular da Avropadakı builki çıxışlarımızla Qarabağın hansı ölkənin ərazisi olduğunu bir daha təsdiqləyə bildik. Komandamızın səkkiz futbolçusunun milli komandada oynaması bizim klubun uğurlarından xəbər verir. İnşallah, gələn il, üçüncü cəhdimizdə çalışacağıq ki, avrokubokların qrup mərhələsinə vəsiqə qazanaq. Bəzən oyunumuz istənilən kimi alınmır. Bununla belə, komandada çox gözəl mühit var. Komanda yoldaşlarımla qardaş kimiyəm. Bu amil "Qarabağ`ın uğurlarında böyük rol oynayır".
Sonda Səfərova təşkilatın diplomunu Qurban Qurbanova təqdim edib. Qurbanov isə klub adından üzərində bütün futbolçuların imzası olan "Qarabağ"ın formasını AGAT-ın sədrinə hədiyyə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə