Avropa çempionatında tarixi nəticə göstərən poloçularımız Vətənə qayıdıblar - FOTOREPORTAJ
Azərbaycan idmanı tarixində ilk dəfə polo üzrə Avropa çempionatında ikinci olan milli yığma komandamız bu gün Vətənə qayıdıb. SİA-nın məlumatına görə, İtaliyada keçirilən çempioatda tarixi nəticə göstərən poloçularımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) rəsmiləri, idmançıların qohumları, azarkeşlər və media nümayəndələri qarşılayıb.
İdmançılarımızın şərəfinə milli rəqslərimiz səsləndirilib və rəqs qrupu çıxış edib.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında belə mötəbər yarışdan Vətənə medalla qayıtmağın çox sevindirici olduğunu deyib: “Çempionatda 10 ölkənin yığma komandası mübarizə aparırdı. Çox keçməkeçli yollardan keçdik və finala qədər irəlilədik. Bu nəticə polo yarışları tarixində bir ilkdir. Çünki indiyədək heç bir yarışda ilk dəfə iştirak edən ölkə belə yüksək nailiyyət əldə etməyib. Azərbaycan yığması bir daha dünyaya digərlərindən geri qalmadığımızı sübut etdi. Çox uzun təlim-məşq toplanışları keçirmişdik. İyun ayında Bakıda polo üzrə turnir təşkil etdik. Həmin turnirin məqsədlərindən biri də məhz Avropa çempionatında hazırlıq idi. İki aya yaxın Almaniyada hazırlıq keçdik. Sonra Azərbaycanda təliməri davam etdirdik. İtaliyaya bütün Avropa ölkələrindən əvvəl yollandıq. Beş həftə orada mütəmadi məşqlərdə iştirak etdik. On nəfəlik heyətimizdə 3 legioner də oynayır. Əsasən Azərbaycan idmançılarının oynamasına üstünlük veririk. Finalda ev sahibi olan İtaliya yığmasına qarşı oynadıq. Bütün növlərdə olduğu kimi ev sahibinə qarşı oynamq asan olmadı. Hakimlərin də qərəzli qərarlar verməsi oyunumuzu daha da çətinləşdirdi. Bir neçə məsələ üt-üstə yığıldı və finalda məğlubiyyətlə nəticələndi. Qeyd edim ki, finalda Azərbaycan komandasına 6 qol məhz penaltilərdən vuruldu. Ümumilikdə 8:4 hesabı ilə məğlub olduq və gümüş medal qazandıq. Ancaq bu, bizim üçün məğlubiyyət hesab edilməməlidir. Avropa ikincisi olmaq hazırda Azərbaycan atçılıq idmanı üçün qalibiyyətdir.
Bütün idman növlərində olduğu kimi, atçılıq idmanına da Prezident İlham Əliyev böyük diqqət və qayğı göstərir. Məhz bunun nəticəsidir ki, belə bir tarixi nailiyyəti qeyd edirik”.

Daha sonra polo üzrə Azərbaycan millli yığma komandasının baş məşqçisi Namiq Orucov fikirlərini bildirib. O, yığma komandamızın çempionatda böyük əzmkarlıq göstərdiyini qeyd edib: “İlk dəfə idi Avropa çempiontına qatılırdıq. Buna baxmayaraq, yarışda millimiz çox uğurla iştirak etdi. On böyük polo dövlətləri arasıdna yığmamız gümüş medal qazandı Çox fəxredici hadisədir. Yarışdan iki ay öncə təlim-məşq toplanışlarına qatıldıq. Almaniya və İtaliyada hazırlıq keçdik. Bu şəraiti bizə yaratdığına görə komandamız və öz adımdan ARAF-ın prezidenti Elçin Quliyevə minnətdarlığımı bildirirəm”.

Polo üzrə milli komandamızın kapitanı Elçin Camallı yığmamızı hava limanında qarşılayanlara təşəkkürünü bildirib. O, Avropa çempionatında qazandıqları nailiyyətin tarixi hadisə olduğunu vurğulayıb: “Yarışa bir ay öncədən getmişdik. Avropa çempionatında çox güclü komandalar mübarizə aparırdı. Son çempion İrlandiya və finalçı Fransa ilə qarşılaşdıq. Dörd böyük komandanı məğlub etdik. Yalnız finalda ev sahibi İtaliyaya uduzduq. Ancaq ikinci yer bizim üçün çox böyük nailiyyətdir. Orada bütün televiziya kanalları, mütəxəssislər hansısa komandanın çempionata birinci dəfə qatılıb birbaşa finala çıxmasının ilk dəfə olduğunu deyirdilər. Bizlə birlikdə çempionata ilk dəfə qatılan komandalar yarışı sonuncu yerlərdə bitirdilər.
ARAF-ın prezidenti Elçin Quliyev yarış ərzində bizimlə birlikdə orada oldu. O da bizə əlavə güc verdi. Biz də onu və bütün Azərbaycan xalqını sevindirə bildik.
Bütün bu nailiyyətlər dövlət başçımız İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğının nəticəsidir”.
İdmançılarımız alqışlarla hava limanından evlərinə yola salınıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB