Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb - FOTOLAR - YENİLƏNİB
Bu gün Gəncə şəhər Heydər Əliyev mərkəzində Azərbaycan gənclərinin VIII Forumunun ilk zona toplantısı öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət rəsmiləri və ölkəmizin Qərb bölgəsində yerləşən 9 rayonun 800-ə yaxın ən fəal gəncləri iştirak ediblər. "Azərbaycan Xalq Cümhuriyyəti ili"nin qeyd edildiyi dönəmdə Azərbaycan Gənclərinin növbəti Forumunun məhz AXC hökumətinin işə başladığı şəhərdə baş tutması rəmzi məna daşıyır.
Qeyd edək ki, ilk toplantının mövzusu - Azərbaycan gəncliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsidir. Gənclər və idman naziri A.Rəhimov çıxışında deyib: “Bu gün bu zala ölkəmizin Qərb bölgəsində yerləşən 9 rayonun ən fəal gəncləri toplaşıb. Bu bölgəmizin təbiəti səfalı və zəngin, iqtisadiyyatı çoxşahəli, insanları savadlı, işgüzar, cəsarətli, ənənələri möhkəm və genişdir. Bir ay ərzində gənclərin müxtəlif maraqları, problemləri, ölkənin inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və Strateji Yol Xəritələrinin icrasında iştirakı geniş müzakirə ediləcəkdir. Bu müzakirələrdə 2 mln 700 min Azərbaycan gəncini təmsil edən yüzlərlə nümayəndə iştirak edəcək.”
Nazir A.Rəhimov Gənclər və İdman Nazirliyinin yeni nəslin vətənpərvərlik və vətəndaşlıq hisslərinin tərbiyəsini 3 istiqamətdə apardığını bildirib. Nazir qeyd edib ki, vətənpərvərlik 3 əsas hissin vəhdətidir: birincisi - xalqına, köklərə inam, onlara bağlılıq, ikincisi - xalqa, Vətənə hörmət və məhəbbət, onların qorunması üçün vicdan və mərdlik və üçüncüsü - praktiki hərəkət. Daha sonra nazir çıxışında nazirliyin müxtəlif illərdə vətənpərvərlik sahəsində həyata keçirdiyi layihələrdən geniş şəkildə söz açıb. A.Rəhimov ölkə başçısı cənab İlham Əliyevin gənclərlə görüşlərində dəfələrlə müstəqilliyimizin qorunmasında məhz gənclərin əvəzsiz rolu olduğunu vurğuladığını diqqətə çatdırıb.
Nazir bildirib: “Vətənpərvərliyi illərlə tərbiyə edirsən, onun nəticəsi isə bir an ərzində özünü göstərir. Mübariz İbrahimov, aprel döyüşçülərinin qəhrəmanlığı buna bariz nümunədir. Azərbaycan gənclərinin, bütün cəmiyyətin həmin günlər yüksək vətənpərvərlik ruhu da onu göstərir ki, Azərbaycan gəncləri düzgün tərbiyə edilir, onlar layiqli vətəndaşdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB