Tarixi qərar: Para-kanoe növü Yay Paralimpiya Oyunlarının proqramına salındı

Tarixi qərar: Para-kanoe növü Yay Paralimpiya Oyunlarının proqramına salındı

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının proqramına iki yeni idman növü salınıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) Çinin Quançjou şəhərində keçirilmiş İcraiyyə Komitəsinin iclasında 2016-cı ildən etibarən əlillər arasında hər 4 ildə bir dəfə keçirilən Yay Paralimpiya Oyunlarında para-kanoeçilərlə para-triatlonçuların da mübarizə aparmasına qərar verilib.

Para-kanoe və para-triatlon namizədliyi irəli sürülən 7 idman növü arasından səsvermə yolu ilə seçilib. Bununla da 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının proqramındakı idman növlərinin sayı 22-yə çatıb. Daha 5 idman növü – para-badminton, əqli cəhətdən məhdud idmançılar üçün basketbol, para-qolf, mühərrikli stul üzərində futbol və para-taekvondo səsvermədən keçə bilməyib.

İPC-nin prezidenti Filip Kraven para-kanoe və para-triatlonun Yay Paralimpiya Oyunlarının proqramına salınması münasibətilə Beynəlxalq Kanoe Federasiyası (İCF) və Beynəlxalq Triatlon Federasiyasını (İTU) təbrik edib, 2016-cı ilədək yüksək səviyyəli para-kanoeçi və para-triatlonçuların yarışlarda iştirakı prosesində onlarla yaxından əməkdaşlıq edəcəklərini bildirib.

Qeyd edək ki, Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 – 18 sentyabr 2016-cı ildə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə