Hidayət Heydərov: "İstərdim ki, DÇ-də komanda yarışlarında da medal qazanım" - AÇIQLAMA

Hidayət Heydərov: "İstərdim ki, DÇ-də komanda yarışlarında da medal qazanım" - AÇIQLAMA

“Çox istərdim ki, dünya çempionatında qarışıq komanda yarışlarında da medal qazanım. Qələbə qazansaydıq, bütün komandamızın üzvlərinə medal təqdim olunacaqdı. Bu isə bizim üçün çox xoş olardı. Komanda yarışlarında medal qazana bilmədiyimiz üçün çox məyusuq”. SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının fərdi yarışlarında 73 kq çəki dərəcəsində bürünc medal qazanan millimizin üzvü Hidayət Heydərov jurnalistlərə açıqlamasında deyib.

O, kişilərin komanda yarışlarında daha güclü olduqlarını bildirib: “Qızlar çox güclü olmadıqlarına görə qarışıq komanda yarışlarına adətən 1:0, 2:0 geridən başlayırıq. Qızlar da güclü olsaydılar, finala qədər irəliləyə bilərdik. Yeni məşqçilər qızların hazırlığına ciddi yanaşırlar. Ona görə də İrina Kindzerska inamlı çıxış etdi”.

Cüdoçu fərdi yarışlarda bir bürünc (Hidayər Heydərov - 73 kq) və bir gümüş (Uşanqi Kokauri – 100 kq-dan yuxarı ) medal qazanan millimizin digər üzvlərinin mükafatçılar sırasına düşə bilməməsi ilə bağlı da danışıb: “Bütün idmançılarımız yaxşı hazırlaşmışdılar. Orxan Səfərov qalib gələcəyinə əmin idi. Sadəcə boşluğa düşdü və yıxıldı. O, finala qədər irəliləyə bilərdi. Hakimlər də idmançılarımıza haqsızlıq etdilər. Nicat Şıxəlizadəyə qarşı haqsızlıq oldu”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə