Uşangi Kokauri: "Finala yüksələndə inanılmaz hisslər keçirdim" - MÜSAHİBƏ

Uşangi Kokauri: "Finala yüksələndə inanılmaz hisslər keçirdim" - MÜSAHİBƏ

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanan Azərbaycan idmançısı Uşangi Kokauri jurnalistlərə müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:

- Hansı hissləri keçirirsiniz?

- Medal qazandığım üçün şadam. Çoxdandır medalım yox idi. Finala çıxacağımı gözləmirdim. Məşqçimizlə birgə hazırlaşmışdım. Amma finalda nə isə alınmadı. İşləməyə davam edəcəyik.

- Görüşün gedişində rəqibə fənd atdınız. Amma sizə xal verilmədi? Sanki daha sonra yoruldunuz...

- Bəli yoruldum. Sonra isə səhvlərə yol verdim. Nəticədə məğlubiyyətlə üzləşdim.

- Həmin epizodda saxlama fəndini yerinə yetirməyə nə mane oldu?

- Rəqib kifayət qədər güclüdür. Buna görə də saxlama fəndindən çıxa bildi. Onu yaxşı saxlaya bilmədim. O, çevrilməyi bacardı.

- Rəqibinin gürcüstanlı olması çıxışınızda hansısa rol oynadımı? Bu görüşün gedişinə təsir etdimi?

- Açığı, indiyədək onunla üç dəfə qarşılaşmışdım. Aramızda təmiz idman rəqabəti var. Bu idmandır. Biz də mübarizə aparırdıq.

- Prinsipiallıq var idimi?

- Bəli. Qalib gəlmək istəyirdim. Hər zaman belə görüşlərdən gözləntilər olur.

- Qızıl medal uğrunda yarışacağınızı gözləyirdinizmi?

- Açığı, bunun üçün hazırlaşmışdım. İl ərzində xeyli güc sərf etdik ki, medal qazanaq. Finala yüksələndə inanılmaz hisslər keçirdim. Gözləntilərim qeyri-adi idi. Hətta dərhal final görüşünə çıxmaq istəyirdim. Final qarşılaşmasını gözləyə bilmirdim.

- Düşünmürsünüz ki, çexiyalı Olimpiya çempionu Lukas Krpalek üzərində qələbə qazandığınız görüş ən yaddaqalan oldu?

- Sizinlə razıyam. O, həqiqətən də, dözümlü idmançıdır. Olimpiya çempionu olub və kifayət qədər güclüdür. Lakin təlim-məşq toplanışlarında ona qalib gəlmişdim. Bu gün də qalib gələcəyimi gözləyirdim. Nəticədə elə də oldu.

- Azərbaycan yığması bir gümüş və bir bürünc medal qazandı. Digər idmançıların çıxışlarını necə dəyərləndirirsiniz?

- Bu barədə bir söz deyə bilmərəm. Suala məşqçilər daha yaxşı cavab verə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə