Bakıda keçirilən dünya çempionatında fərdi yarışlara yekun vurulub - FOTOLAR

Bakıda keçirilən dünya çempionatında fərdi yarışlara yekun vurulub - FOTOLAR

Bakıda cüdo üzrə dünya çempionatının yeddinci günündə - sentyabrın 26-da Azərbaycan idmançısı Uşanqi Kokauri gümüş medal qazanıb. SİA xəbər verir ki, çempionatın yeddinci günündə kişi cüdoçular 100 kiloqramdan, qadınlar isə 78 kiloqramdan yuxarı çəki dərəcəsində güclərini sınayıblar.

Kişilərin yarışında ölkəmizi təmsil edən Uşanqi Kokauri belaruslu Vladislav Tsiarpitskiyə, Polşa idmançısı Masiey Sarnackiyə, çexiyalı Lukas Krpalekə və özbəkistanlı Bekmurod Oltıboevə qalib gələrək finala yüksəlib. Cüdoçumuz həlledici görüşdə gürcüstanlı Quram Tuşişviliyə məğlub olaraq gümüş medalla kifayətlənib. Yaponiya təmsilçisi Hisayoşi Harasava və monqolustanlı Duurenbayar Ulzııbayar fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Qadınların mübarizəsində qızıl medal uğrunda görüşdə kubalı İdalis Ortiz və Yaponiya təmsilçisi Sara Asahina üz-üzə gəliblər. Rəqibini məğlub edən Yaponiya idmançısı dünya çempionu adını qazanıb. Bürünc medala isə Bosniya və Herseqovina idmançısı Larisa Kerik və Türkiyə təmsilçisi Kayra Sayıt sahib olublar. Azərbaycan təmsilçisi İrina Kindzerska çempionatı yeddinci pillədə başa vurub.

Beləliklə, dünya çempionatında fərdi yarışlara yekun vurulub.

Dünya çempionatının əvvəlki günlərində 73 kiloqram çəkidə çıxış edən cüdoçumuz Hidayət Heydərov bürünc medal qazanıb. Millimiz çempionatın fərdi yarışlarında 2 medal qazanıb.

Dünya çempionatının sonuncu günündə - sentyabrın 27-də komanda yarışları keçiriləcək.

Qeyd edək ki, mundialda 125 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə