Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş Mini futbol Turnirinə start verilib
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Milli Qəhərmanlarımızı Tanıyaq və Tanıdaq" layihəsi çərçivəsində silsilə tədbirlər davam edir. ATGTİ-dən SİA-ya verilən xəbərə görə, 9 Dekabr 2010-cu il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) idman zalında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında mini futbol turnirinə start verilib. Turnirdə 24 ali təhsil müəssisəsindən müxtəlif komandalar iştirak edib.
Təşkil edilmiş turnirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, AzTU-nun tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov, Könüllü hərbi-vətənpərvərlik texniki idman cəmiyyətinin sədri general-mayor Novruzəli Orucov və ATGTİ sədri Şahin İsmayilov iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının himnin səslənməsi ilə başladı və M.İbrahimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən İ.Babayev qeyd edib ki, Azərbaycanın Mübariz İbrahimov kimi minlərlə igid oğulları və qızları var. Ardınca çıxış edən qonaqlar ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin heç vaxt unudulmadıqlarını qeyd ediblər.
Turnir çərçivəsində keçirilmiş ilk oyunda AzTU "Xəzər" Universiteti ilə qarşılaşıb. AzTU 6-0 hesabı ilə rəqibinə qalib gəlib. Tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş şəhidlərin xatirəsini yad etmək, onları gənclərə tanıtmaq, eyni zamanda gənclərin asudə vaxtını düzgün təşkil etməkdən ibarətdir.
Qeyd edək ki, bu turnir ATGTİ–nin Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının və vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr etdiyi silsilə tədbirlərdən üçüncüsu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB