Dünya çempionu: “Hakimlər məni "sıxmaq" istəyirdilər, ancaq bacarmadılar” - MÜSAHİBƏ - SƏS TV
Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən III Dünya Köçəri Oyunlarının Azərbaycanın milli güləş növü üzrə yarışlarının qalibi, pəhləvan güləşi üzrə dünya çempionu Cəlal Süleymanovun SİA-ya müsahibəsi:
- Cəlal, öncə özünüz haqqında oxucularımıza məlumat verərdiniz...
- Mən 1986-cı ildə avqustun 15-də Bakıda anadan olmuşam. 14 yaşımdan sərbəst güləşlə məşğul olmağa başlamışam. 2003-cü ildə gənclər arasında Azərbaycan çempionu olmuşam. 2005-ci ildə Polşada Avropa çempionatında bürünc medal, 2009-cu ildə Azərbaycan milli komandası ilə İranın paytaxtı Tehranda keçirilən Dünya Kubokunda qızıl medal, 2012-ci ildə Azərbaycanda keçirilən Dünya Kubokunda millimizlə gümüş medal, 2015-ci ildə Amerikada təşkil edilən Dünya Kubokunda yığmamızla birlikdə bürünc medal, 2016-cı ildə isə Belarusun paytaxtı Minskdə keçirilən pəhləvan güləşi üzrə 1-ci dünya çempionatında qızıl medal qazanmışam. Son ən böyük nəticəm isə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən III Dünya Köçəri Oyunlarında olub. Orada bir qızıl və bir bürünc medala layiq görülmüşəm.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Güləş klubunda çıxış edirəm. Orada sərbəst güləş üzrə baş məşqçiyəm. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə idarəsinin əməkdaşıyam.

- III Dünya Köçəri Oyunlarında iki növdə və iki çəkidə güləşdin. Bu, sənə çətinlik yaratmadı?
- Bəli, Qırğızıstanda iki güləş növü üzrə mübarizə apardım. Çətin olsa da, hər iki növ üzrə medal qazandım. Pəhləvan güləşində digər idmançımız zədəli olduğu üçün 63 kq çəkim olmasına baxmayaraq, 70 kq çəki dərəcəsində güləşdim. İlk görüşümdə estoniyalı idmançı ilə qarşılaşdım və təmiz qələbə qazandım. Hakimlər iranlı idmançı ilə görüşdən öncə məni sıradan çıxartmaq üçün "sıxmaq" istəyirdilər, ancaq bacarmadılar.Video görüntülərə baxandan sonra mənim qalib gəldiyim açıq-aşkar göründü və qələbəni mənə verdilər. İkinci rəqibim gürcü güləşçi oldu. O da çox güclü idi. Dörd dəqiqəyə yaxın mübarizə apardım və onu da təmiz qələbə ilə məğlub etdim. Yarımfinalda dünya çempionu olan iranlı idmançı ilə qarşılaşmada çəkimin az olmasına görə mübarizəni rahat apara bilmədim və məğlub oldum. Üçüncü yer uğrunda isə dünya üçüncüsü qazax idmançı ilə üz-üzə gəldim. Gərgin mübarizədə təmiz qələbə qazandım və bürünc medala sahib oldum.
Həmin gün axşam çəkimi saldım. Səhəri gün 60 kq çəkidə Azərbaycanın milli güləşi üzrə yarışda iştirak etdim. Bu yarışda çempion olmağı qarşıma məqsəd qoymuşdum. İlk rəqibim özbək idmançısı oldu. Ona qalib gəldikdən sonra yarımfinalda Silahlı Qüvvələrin Dünya Çempionatının ikincisi qazax idmançı ilə qarşılaşdım. Onu da məğlub edib finala vəsiqə qazandım. Finalda rəqib yerli - qırğızıstanlı idmançı idi. Demək olar ki, bütün azarkeşlər yerli idmançını dəstəkləyirdilər. Bu, məni ruhdan salmadı. Rəqibimi 3 dəqiqə 53 saniyəyə təmiz qələbə ilə məğlub etdim və çempion oldum.
- Cəlal, III Dünya Köçəri Oyunlarına maraq necə idi?
- Burada idmanın 37 növü üzrə yarışlar keçirildi. Oyunlarda dünyanın 80 ölkəsindən 3 minə yaxın idmançı iştirak etdi. Yarışlara maraq yüksək idi. Ən çox idmançı ilə Rusiya iştirak edirdi. Mən isə Azərbaycanın milli güləşini dünyaya tanıdırdım. Qeyd edim ki, bu növ üzrə yarışlara idmançılar Azərbaycanın cəngi rəqsinin sədaları altında çıxırdılar. Bu da məni daha da ruhlandırırdı.
- Azərbaycan idmançıları güləş idman növü üzrə yüksək nəticələrə imza atırlar. Siz ölkə güləşinin inkişafı haqda nə düşünürsünüz?
- Güləş Azərbaycanın milli idman növüdür. Azərbaycan güləşi hər zaman irəlidə olub. Ölkəmiz güləş tarixində ən güclü idmançıları ilə tanınır. Bizim güləşçilər Olimpiya Oyunları, dünya və Avropa çempionatılarında yüksək uğurlar əldə edirlər. Əminəm ki, Azərbaycan güləşi hər zaman olduğu kimi, bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız daha yüksək nailiyyətlər qazanacaqlar.
- Qarşıda sizi hansı yarış gözləyir?
- Oktyabrın 16-17-də İranın Tehran şəhərində pəhləvan güləşi üzrə dünya çempionatında iştirak edəcəyəm. Orada ikiqat dünya çempionu olmaq üçün mübarizə aparacağam.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB