Taha Akgül: “DÇ-də həm Türkiyə, həm də Azərbaycan bayrağını dalğalandıracağıq” - AÇIQLAMA
"Bakıda azərbaycanlı qardaşlarımızla birlikdə təlim-məşq toplanışı keçirik. Macarıstanda keçiriləcək dünya çempionatına hazırlaşırıq. Əminəm ki, Budapeştdə həm Türkiyə, həm də Azərbaycan bayrağını dalğalandıracağıq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin sərbəst güləş üzrə olimpiya, ikiqat dünya, altıqat Avropa çempionu Taha Akgül deyib.
O xatırladıb ki, 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarında da çempion olub: “Birinci Avropa Oyunlarında qızıl medal qazanaraq, Azərbaycan və Türkiyə bayraqlarını birlikdə dalğalandırmışdım”.
Olimpiya çempionu Bakıda hazırlıq keçmək üçün yüksək şərait yaradıldığını bildirib: “Burada öz ölkəmizdəki kimiyik. Bundan öncə Azərbaycan millisi ilə birlikdə Türkiyədə hazırlıq keçmişik. Azərbaycan yığmasının yenə Türkiyəyə gəlmələrini gözləyirik. 2020-ci il Olimpiadasına da birlikdə hazırlaşacağıq”.
İdmançı Azərbaycan yığmasında onun çəki dərəcəsində (125 kq) güləşən Cəmaləddin Məhəmmədovun güclü rəqib olduğunu qeyd edib: “Cəmaləddinlə dəfələrlə qarşılaşmışıq və fəxri kürsüdə dəfələrlə birlikdə dayanmışıq. Qarşıdakı dünya çempionatında da ən güclü rəqiblərimdən biri odur. Kim daha çox çalışırsa, qələbə də ona nəsib olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB