"Komandada motivasiya baxımından heç bir problem yoxdur"

"Komandada motivasiya baxımından heç bir problem yoxdur"

"Millətlər Liqası əvvəlki turnirlərin hamısından fərqlənir. Bu yarış bizə çox fayda verə bilər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq". Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamız və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Millətlər Liqasının ilk turunda bu gün Bakıda Kosovo ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib. Rəqibi yaxşı tanıdıqlarını söyləyən futbolçu bu turnirdə oynamağın futbolçularda fərqli həyəcan yaratdığını bildirib:

"Kosovonu tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Sabah idman şansı da yanımızda olsa, uğur qazanacağıq. Bu turnir bizdə xüsusi, tamam fərqli həyəcan yaradır. Bu, turniri gözləmək həyəcanıdır. Sanki millidə yeni era başlayır. Komandada motivasiya baxımından heç bir problem yoxdur. Bizim ən böyük motivasiyamız komanda olaraq bir araya gəlməyimiz, ictimaiyyətin bizdən yüksək nəticə gözləməsidir. Komandada heç bir problem yoxdur".

Q. Qarayev sonda azarkeşlərdən dəstək istəyib: "Bəlkə də "Şerif"lə cavab oyunundan sonra səsləndirdiyim fikirlər yanlış anlaşıla bilər. Mən azarkeşlərə mesaj göndərməmişəm, onları bizə dəstək olmağa çağırmışıq. Bizim meydandakı oyunumuzun alınması azarkeşlərdən də asılıdır. Bizə ən çox lazım olan məhz onların dəstəyidir".

Bütün xəbərlər Facebook səhifəmizdə