Arif Əsədov: "Fərid Quliyevin transferə çıxarılmasını özüm istəmişəm” - AÇIQLAMA
"Fərid Quliyevin transferə çıxarılmasını özüm istəmişəm. Yığma komandamızın şərəfini qoruyur, gəncdir, ancaq "Neftçi"də heyətə düşə bilmir". SİA-nın məlumatına görə, bu sözləri "Neftçi" rəsmi saytına açıqlamasında klubun baş məşqçisi Arif Əsədov deyib. O, Quliyevin klubu tərk etməsinin digər oyunçularla da yolları ayırmaq anlamına gəlmədiyini vurğulayıb. Baş məşqçi daha sonra mətbuatda yazılan yazılara münasibət bildirib: "Premyer Liqa uzun bir marafondur. Mən formada olan bütün futbolçulara şans verirəm. Hazırda "Neftçi"nin lider olması bizim doğru yolda olduğumuzu göstərir. Mətbuatda gedən yazıları izləyirəm. Rəşad Abdullayevin, Elmar Baxşiyevin, Amit Quluzadənin, Ruslan Əmircanovun komandanı tərk edə biləcəyini yazırlar. Bu oyunçular meydanda olduqları zaman bizə çox xeyirləri dəyir. Rəşad Abdullayev bu mövsüm öz çıxışı ilə komandanın ən aparıcı futbolçularından birinə çevrilib. Hətta ölkə mətbuatı onun niyə yığmaya dəvət edilməməsi ilə bağlı Berti Foqtsa yönələn suallar ünvanlayır. Elmar Baxşiyev klubumuzun vitse-kapitanıdır, düzdür hazırda o bəzi matçlarda ehtiyatda qalır. Lakin, Elmarın ehtiyatda qalması sırf taktika ilə bağlıdır. Ruslan Əmircanov məhz "Neftçi"dəki çıxışından sonra yığma komandaya dəvət alıb. Hazırda da bizim ona böyük ümidlərimiz var. Amit Quluzadəyə isə yetərincə gənc olmasına baxmayaraq, bir çox vacib matçlarda forma geyinmək şansı vermişik. Yəni komandamızın heyəti nə qədər geniş olarsa, mövsümün sonunda qızıl medalları qazanmaq şansımız daha da artmış olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB