Dünya şahmat tacına iddiaçıların turnir matçları Kazandakı "Korston" ticarət-əyləncə kompleksində keçiriləcəkdir. SİA-nın xəbərinə görə, Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmat tacına iddiaçıların turnirinin keçiriləcəyi vaxtı və yeri müəyyən edib. Turnir 2011-ci il mayın 3-dən 27-dək Kazanda keçiriləcəkdir.
Olimpiya sistemi üzrə yarışlarda Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı Veselin Topalov, Qata Kamski, Levon Aronyan, Boris Gelfand, Vladimir Kramnik də iştirak edəcəkdir. İlkin sifarişə görə, bu turnirə Maqnus Karlsen də qatılmalı idi. Lakin o, dünya şahmat tacı uğrunda mübarizədə iştirakdan imtina edib.
Norveçli Karlsenin bu turnirdən imtina etməsi ilə əlaqədar FİDE qərara alıb ki, iddiaçıların matç-turnirində onun əvəzinə rusiyalı qrossmeyster Aleksandr Qrişşuk iştirak edəcəkdir.
Beləliklə, 2011-ci ilin baharında Kazanda keçirilməsi planlaşdırılan iddiaçıların matçlarında ¼ finalda Veselin Topalov (Bolqarıstan) – Qata Kamski (ABŞ), Vladimir Kramnik (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan), Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişşuk (Rusiya), Boris Gelfand (İsrail) – Şəhriyar Məmmədyarov (Azərbaycan) cütlükləri qarşılaşacaqlar. Həmin matç-turnirin qalibi 2012-ci ildə dünya birinciliyi uğrunda matçda indiki dünya çempionu – hindistanlı Vişvanatan Anand ilə gücünü sınamalı olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB