FİFA İcraiyyə Komitəsinin nümayəndələri qarşısında çıxış edən 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək namizədlərdən biri olan Yaponiyanın müraciət komitəsinin təmsilçiləri dünyanın ali futbol məmurlarını turnirin işıqlandırılması məsələsində böyük imkanların olduğuna inandırmağa çalışıblar.
Yaponiyalıların sözlərinə görə, 3D texnologiyası azarkeşlərə hər hansı oyunu təkcə Yaponiyanın stadionlarında deyil, dünyanın bütün idman meydançalarında da izləməyə imkan verəcəkdir.
SİA-nın xəbərinə görə, turnirin hər qarşılaşması yüzlərlə kamera ilə lentə alınacaqdır. Bu da xüsusi ekranda holoqrafik təsvir yaratmağa imkan verəcəkdir. Belə ekranları hər hansı bir stadionun yaşıl meydançasında quraşdırmaq mümkündür. Onda azarkeşlər oyunu stadionda olanlar kimi izləyə biləcəklər. Hadisələr real vaxtda baş verəcək, futbolçuların təsvirlərinin ölçüləri təbii olacaqdır.
Yaponiya müraciət komitəsinin icraçı direktoru Kojo Taşima təqdimat zamanı etiraf etmişdir ki, beləliklə dünyanın 360 milyon azarkeşi eyni vaxtda tam effektlə turnirin futbol görüşlərini izləyə biləcəkdir. FİFA-nın isə yeni qazanc üsulu yaranacaqdır. Yaponiyalılar ideyalarının həqiqətdə necə olacağını kompyuter vasitəsilə əyani nümayiş etdiriblər. Bu cür holoqrafik təsvirlərin yayılması texnologiyası isə açıqlanmamışdir. Yaponiyanın Sony şirkətinin rəhbəri bildirmişdir ki, 2022-ci ildə 3D texnologiyasının inkişaf səviyyəsi ideyanı reallığa çevirməyə imkan verəcəkdir.
Xatırladaq ki, 2022-ci ilin futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi üzrə FİFA İcraiyyə Komitəsində səsvermə bu gün axşam Sürixdə keçiriləcəkdir. Yaponiyanın rəqibləri Qətər, ABŞ, Avstraliya və Koreya Respublikasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB