"Neftçi" PFK bəyanat yayıb

"Xəzər-Lənkəran" klubundan noyabrın 29-da "Neftçi" PFK-ya azarkeşlərlə bağlı etiraz məktubu göndərilməsi haqda son günlər əsassız fikirlər səsləndirilir. SİA-nın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Neftçi" PFK məktub məsələsinə yenidən qayıdaraq, bir daha bəyan edir ki, göstərilən tarixdə, yəni noyabrın 29-da və ya həmin tarixdən bəri klubumuza "Xəzər-Lənkəran" tərəfindən istər faks, istər poçt, istərsə də elektron ünvan vasitəsilə heç bir məktub daxil olmayıb. Əvəzində, son vaxtlar AFFA, PFL, AZAL və digər yerlərdən "Neftçi"yə məktublar göndərilib.

Həm də nəzərə almaq lazımdır ki, "Xəzər-Lənkəran" tərəfinin guya "Neftçi"yə yolladığı iddia olunan məktubu heç də həyati əhəmiyyət daşımır, başqa sözlə, belə məzmunlu məktubları mətbuatdan, futbol ictimaiyyətindən gizlətməyə lüzum yoxdur. Hesab edirik ki, bu məsələ ətrafında əsassız fikirlər səsləndirilməsinə və "Neftçi" PFK haqqında yanlış rəy formalaşdırılmasına son qoyulmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə