Güləşçilərimiz Türkiyə yığması ilə birgə hazırlıq keçir

Güləşçilərimiz Türkiyə yığması ilə birgə hazırlıq keçir

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirir. SİA-nın məlumatına görə, bir müddət öncə İstanbulda beynəlxalq təlim-məşq toplanışında iştirak edən yunan-Roma güləşi üzrə yığmamız yenidən birgə təlim-məşq toplanışına başlayıb. Göygöl Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışında Türkiyənin yunan-Roma güləşi üzrə yığma komandası da iştirak edir.

Türkiyə yığmasının baş məşqçisi Salih Boranın başçılığı altında komandanın bütün aparıcı üzvləri, Olimpiya mükafatçıları, Avropa və Dünya çempionları toplanışa cəlb olunub.

Yığma komandamızın baş məşqçisi Şaban Donat bu cür birgə təlim-məşq toplanışlarının idmançıların hazırlığında mühüm rol oynadığını bildirib:

"Bir müddət öncədə Türkiyədə beynəlxalq təlim-məşq toplanışında idik. Ardınca Vehbi Emrenin xatirə turnirində güləşçilərimizi yoxladıq. Artıq bir neçə gündür ki, Göygöl Olimpiya İdman Kompleksində ümumi fiziki və taktiki-texniki hazırlıq üzrə təlim-məşq toplanışlarımız başlayıb. Dünya çempionatına qədər bir neçə təlim-məşq toplanışı keçib, idmançılarımızın hazır olmasına çalışacağıq. Burada hazırlıq üçün hər cür şərait var."

Məlumat üçün bildirək ki, avqustun 4-dən başlayan təlim-məşq toplanışı ayın 19-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə