Avropa çempionatında uğur qazanan ağır atletlərlə görüş keçirilib - FOTO
Bu gün Gənclər və İdman Nazirliyində (GİN) yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində uğurla çıxış edən Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, məşqçilər və milli komandanın üzvləri iştirak ediblər.
Nazir müavini İ.İsmayılov idmançılarımızı qələbə münasibəti ilə təbrik edib. O, 15 yaşlı ağır atletlərimizin komanda hesabında qızıl medal qazanması və ümumilikdə 22 medalın əldə olunmasının tarixi nailiyyət olduğunu deyib.
Nazir müavini idmançılara federasiyasının icazəsi olmadan heç bir dərman preparatlarından istifadə etməməyi tövsiyə edib: "Çünki hansısa dərman preparatı sonradan dopinq kimi qəbul olunur. İllərlə əziyyət çəkən, tonlarla ağırlıq qaldıran idmançı kiçik məsuliyyətsizlik səbəbindən əziyyətini heç edə bilər. Ona görə diqqətli və məsuliyyətli olmaq lazımdır".
AAAF-ın baş katibi R.Rəsulov isə qeyd edib ki, ağır atletika Azərbaycanda ənənələri olan idman növüdür. O, bu idman növünün ölkəmizdə daha da inkişafı üçün konsepsiya hazırlandığını deyib: "Problemlərə baxmayaraq, inkişaf konsepsiyasına əsasən, aşağı yaşlı idmançılarımızı tam hazırlayıb daha yuxarı yaş kateqoriyalarına keçirdik. Bu da öz nəticəsini verdi. Yeniyetmələrin son Avropa çempionatında qazanılan 22 medal və 15 yaşlı idmançılar arasında komanda hesabında qızıl medalın əldə olunması işlərin düzgün qurulduğunu göstərir. Çalışacağıq ki Yeniyetmələrin Olimpiya Oyunlarında da yüksək nəticələr qazanaq".
Bütün yaş kateqoriyaları üzrə milli komandaların baş məşqçisi Asif Məmmədov yeniyetmə idmançıların əsas ümid yeri olduqlarını və qazanılan nəticələrə görə çox sevindiyini bildirib. O, Azərbaycanda dövlət tərəfindən idmanın hər bir növünə olduğu kimi, ağır atletikaya da böyük diqqət və qayğı göstərildiyini, gələcək yarışlarda da etimadı doğrultmağa çalışacaqlarını qeyd edib.
GİN-in şöbə müdiri F.Mansurov da yığmamızın uğurlarını yüksək dəyərləndirib və onlara uğurlar arzulayıb.
Millimizin üzvü, Avropa çempionu Ömər Cavadov rəqiblərinin güclü olduqlarını, ancaq öhdələrindən uğurla gəldiklərini deyib. İdmançı bütün məşqçilərinə və federasiyaya minnətdarlığını bildirib.
Digər atletlər də uğurlu nəticələrin yaradılan yüksək şəraitin, diqqət və qayğının nəticəsi olduğunu vurğulayıblar.
Qeyd edək ki, iyulun 22-29-da İtaliyanın Milan şəhərində 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib. Yığmamızın üzvləri ümumilikdə 22 medal qazanıb, 15 yaşlı idmançılardan ibarət millimiz isə Bolqarıstan və Türkiyə yığmalarını geridə qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB