“Tarif Şurasının qərarı nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə müsbət təsir göstərəcək” - AÇIQLAMA - ÖZƏL

“Tarif Şurasının qərarı nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə müsbət təsir göstərəcək” - AÇIQLAMA - ÖZƏL

“Nəqliyyat infrastrukturunun keyfiyyətinin yüksək səviyyəyə çatdırılması üçün Tarif Şurasının ictimai nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarına ehtiyac var idi. Dəyişiklik nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək”. Bunu SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı ekspert Aydın Hüseynov deyib.

İctimai nəqliyyat vasitələrindən istifadə edənlərin sayında ciddi artımın olduğunu qeyd edən millət vəkili ölkəmizə gələn turistlərin sayının durmadan artdığını bildirib: “Metro qiymətlərinin artımına gəldikdə, bu nəqliyyat vasitəsi dövlətin ayırdığı dotasiya ilə çalışır. Bu səbəbdən Tarif Şurası dövlətin xərclərini azaltmaq üçün belə bir qərar verib. Dövlət isə bu sahəyə ayırdığı xərclərə qənaət edərək vəsaiti digər sosial layihələrə və əmək haqlarının artırılmasına yönəldəcək. Dövlətimizin apardığı iqtisadi siyasətin ən başlıca prioritetlərindən biri sosial problemlərin həllidir. Son dövrlərdə aparılan çoxsaylı islahatlar da ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlıdır”.

A.Hüseynov vurğulayıb ki, digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda nəqliyyat sektorundakı qiymətlər daha aşağıdır: “Ölkəmiz MDB məkanında əmək haqqlarının həcminə görə 5-ci yerdədir. Dəyişiklik, əslində dövlətin yükünün vətəndaşlar arasında bölüşdürülməsi deməkdir”.

Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə