“Zirvə”nin parlayan ulduzu

Son illər qızların sevimli idman növünə çevrilmiş bədii gimnastikaya maraq gündən-günə artmaqdaqdadır. Bunun nəticəsidir ki, gimnastlarımız artıq beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, yaxşı nəticələr göstərirlər. Bununla da hər bir çempionatda, hər növbəti yarışda bədii gimnastikanın yeni əfsanələri meydana çıxır. Bu gün haqqında bəhs edəcəyimiz 10 yaşlı məktəbli Fatimə Xəlilzadə də idmanın bədii gimnastikasının əfsanələrindən biridir.

5 yaşından Xırdalan şəhərindəki “Zirvə” İdman Klubunda bədii gimnastika ilə məşğul olmağa başlayan Fatimə Xəlilzadə elə ilk günlərdən xalça üzərində halqa, top, gürz, lent hərəkətləri, elastikliyi, özünü məşqlərə təslim etməsi, həm də verilən tapşırıqların öhdəsindən məharətlə gəlməsi ilə məşqçilərin diqqətini cəlb edib. Elə bu səbəbdən onlar Fatiməyə perspektivli idmançı kimi baxıblar və bu məktəbli qız da ona bəslənən ümidləri doğrultmağa çalışıb. Belə ki, xüsusi bacarığı və qabiliyyəti ilə seçilən Fatimə özünü bədii gimnastikasız təsəvvür edə bilməyib, məşqlərə daim xüsusi məsuliyyət və həvəslə yanaşıb və öz balaca dünyasında ona xüsusi yer ayırıb. Doğrudur, bu yol çox çətin olub, amma Fatimənin bədii gimnastikaya olan həvəsi, istəyi bütün çətinliklərə sinə gərib, onları dəf edib. Çünki o yaxşı bilirdi ki, bu sahə daha çox əziyyət, çalışqanlıq tələb edir.

Şübhəsiz, Fatimə Xəlilzadənin populyar bədii gimnastikaya – kamillik, zəriflik, dəqiqlik və harmoniyanı özündə birləşdirən bu idman növünə bağlayan, onu yüksək səviyyəli gimnast kimi formalaşdıran əsas amillərdən biri də ölkəmizdə bu sahənin inkişafına göstərilən diqqət və qayğı olub. Yeri gəlmişkən, qeyd edək ki, 2002-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə böyük irəliləyişlər üçün zəmin yaranıb.

... Artıq qısa zaman kəsiyində Fatimə Xəlilzadə uğurlarını uğurlara calamaqla Azərbaycan gimnastikasının parlayan ulduzuna çevrilib desək, yanılmarıq. Belə ki, o, 2018-ci il iyunun 14-17-də Bakıda keçirilən, 28 ölkədən 300 gimnastın qatıldığı bədii gimnastika üzrə Beynəlxalq səviyyəli yarışda uğurlu çıxışı ilə III yerə layiq görülüb. Ötən il Kürdəmir Olimpiya İdman

Kompleksində keçirilən yarışlarda da III yerin sahibi olub. O, həmçinin 2017-ci ildə Zirvə Beynəlxalq İdman Klubunun ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr etdiyi yarışda fərqlənərək, Bədii gimnastika üzrə açıq V Zirvə oyunlarında II yeri tutub. Onun uğurları sırasına bu il Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən bədii gimnastika üzrə yarışlarda qazandığı II yer də daxildir.

Fatimənin uğurlarında, sözsüz ki, təhsil aldığı məktəbin də rolu var. 10 yaşlı həvəskar gimnastımız, eyni zamanda, dərs əlaçısıdır. Üstəlik, o, ingilis və rus dillərində də öz fikirlərini sərbəst ifadə edə bilir. Bir sözlə, təhsilin və idmanın vəhdəti ona uğurlarına geniş yol açır. Axı bilik də zirvələrin fəth olunmasında əsas amillərdən biridir. Fatimə Xəlilzadə də bu zirvəyə qalxmaq üçün səylə çalışır.

“Arzular tükənməzdir” deyirlər. Hələ orta məktəb illərinin pillələrini addımlayan Fatimə Xəlilzadə azarkeşlərə özünü həvəskar idmançı kimi təqdim edir. Klub çərçivəsində keçirilən yarışlarda qazandığı uğurlar balaca Fatimənin idmana açılan yolunun ilk cığırlarıdır. Ondan qitə miqyasında və dünya arenasında qələbələr gözləyirik. Hər halda Fatimə Xəlilzadənin bu sahəyə olan həvəsi, indiyədək əldə etdiyi nailiyyətləri buna bizdə əminlik yaradır. Ümid edirik ki, bu qızcığaz gələcək beynəlxalq turnirlərdə Azərbaycanı daha layiqincə təmsil edəcək. Biz də gələn ay 10 yaşı tamam olacaq Fatimə Xəlilzadəyə bu yolda qələbə və uğurlar diləyirik

Bütün xəbərlər Facebook səhifəmizdə