Stolüstü tennisçilərlə görüş keçirilib - FOTO

Stolüstü tennisçilərlə görüş keçirilib - FOTO

Bu gün Gənclər və İdman Nazirliyində (GİN) stolüstü tennis üzrə Avropa çempionatında qızlardan ibarət Azərbaycan milli komandasının qızıl medal qazanması ilə bağlı yığma üzvləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, milli komandanın baş məşqçisi Mixail Timofeyev və yığma komandanın üzvləri iştirak ediblər.

Nazir müavini İ.İsmayılov stolüstü tennisçilərimizin uğurlarını yüksək qiymətləndirib. O, yeniyetmə idmançılarımızın ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etdiklərini qeyd edib. Nazir müavini millimizin finalda Rusiya kimi böyük bir dövlətin yığmasını məğlub etməsinin çox böyük bir nəticə olduğunu vurğulayıb.

İ.İsmayılov ilk dəfə olaraq yeniyetmə stolüstü tennisçilərimizin Olimpiya Oyunlarına vəsiqə qazanmasının tarixi hadisə olduğunu bildirib.

O, idmançılarımızı təbrik edib və uğurlar arzulayıb.

Federasiyasının vitse-prezidenti F.Məmmədov idmançılarımızın göstərilən diqqət və qayğını öz nəticələri ilə doğrultduqlarını qeyd edib. O, 4 il öncə inkişaf planı hazırlandığını və yığmamızın, idmançılarımızın nəticələrinin hər il artan dinamika ilə davam etdiyini deyib.

Federasiyasının vitse-prezidenti xarici mütəxəssislərin təcrübəsindən istifadə edildiyini və bunun yüksək nəticələr qazanmaqda böyük köməklik olduğunu vurğulayıb.

Milli komandanın baş məşqçisi M.Timofeyev isə yığmamızın çempionatda çıxışı haqqında ətraflı məlumat verib. O, millimizin yarışda əzmkarlıqla mübarizə apararaq Rusiya yığmasından üstün olub, qızıl medal qazanmasının, fərdi yarışlarda isə stolüstü tennisçimizin çempion olmasının böyük idman hadisəsi oduğunu deyib.

GİN-nin şöbə müdiri F.Mansurov bildirib ki, bu uğur federasiyasının tutduğu istiqamətin düzgün olduğunu göstərir. O, idmançılarımızın qarşıdakı yarışlarda daha yüksək nəticələr qazanacaqlarına ümid etdiyini bildirib.

Avropa çempionu Ning Jing isə Azərbaycanın adından çıxış etməyin qürurverici, çempionatın isə böyük təcrübə olduğunu qeyd edib.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Xatırladaq ki, Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatında qızlardan ibarət Azərbaycan millisi finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.

Azərbaycan millisinin üzvü Ning Jing isə şəxsi oyunlarda bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Beləliklə, idmançımız ikinci dəfə gənclər arasında Avropa çempionu titulunu qoruyub.

Xatırladaq ki, 2017-ci il gənclərin Avropa çempionatında qızlardan ibarət yığmamız bürünc medal qazanmışdı.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə