""Qarabağ" "Neftçi" üzərində qələbəylə yüksəlişə keçəcək"

""Qarabağ" "Neftçi" üzərində qələbəylə yüksəlişə keçəcək"
"Qarabağ" klubu "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir. Bazar günü derbidə əzəli rəqib və əbədi dostuyla qarşılaşacaq komanda hazırlıqlarını İdman Akademiyasının meydançasında davam etdirir. Dünən komanda tək çalışmasını saat 15:00-da edib.
Bütün çempionatların iştirakçısı olan tərəflərin mücadiləsi daim maraq və gərginliklə yadda qalır. Derbidə hər 2 tərəfin fomasını geyinmiş yetərincə futbolçu var. Onlardan biri də vaxtilə "Neftçi"də parlamış, cari birincilikdə isə "Qarabağ"ımızın bombardiri Georgi Adamiyadır. 29 yaşlı futbolçu derbiöncəsi klubun rəsmi saytına öz fikirlərini bildirib: "Son oyunlarda heç də istədiyimiz kimi çıxış edə bilmirik. Amma toparlanacağımıza inanıram. İnanıram ki, bir qələbəylə işlərimizi düzəldəcəyik. Son oyunlarda qol vura bilmirəm. Ümid edirəm ki, bu dəfə qol vurmaqla həm də komandamızın qələbəsinə yardım edə biləcəm. "Neftçi" cari mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa oynayır. Amma bizim qələbəyə daha çox ehtiyacımız var. Maraqlı oyun olacaq. Derbilərin havası həmişə fərqli olur. İnşallah "Qarabağ" "Neftçi" üzərində qələbəylə yüksəlişə keçəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə