İdman jurnalistlərinin dünya çempionatına baxışı - SORĞU

İdman jurnalistlərinin dünya çempionatına baxışı - SORĞU

Bu gün Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının yarımfinal mərhələsinə start veriləcək. Kifayət qədər maraqlı keçən mundialın yarımfinalında Fransa Belçika ilə, Xorvatiya isə İngiltərə ilə qarşılaşacaq. Ötən çempionatların ən güclü milli komandaları, dünyanın ən məşhur futbolçularının oynadığı yığmaların məğlub olaraq mübarizəni dayandırdığı planetin ən böyük futbol yarışı ölkəmizdə də çox maraqla izlənilir.

Dünya çempionatında baş verənləri bu sahədə çalışan futbol mütəxəssisləri ilə yanaşı, idman mediasının nümayədəndələri də ustalıqla təhlil edir, hadisələrə peşəkar yöndən yanaşırlar.

Bu baxımdan SİA idman jurnalistlərinin hazırda davam edən mundial haqda fikirlərini öyrənib:

İdman Araşdırmalar Mərkəzinin sədri, "Report" İnformasiya Agentliyinin İdman şöbəsinin redaktoru Elşən Məmmədov:

Rusiyada ilk dəfə təşkil olunan dünya çempionatı gözlənildiyindən də maraqlı keçir. Bu da oyunların bolqollu, gözlənilməz nəticələrlə zəngin olmasından irəli gəlir.

Ardıcıl dördüncü mundialın qalibi Avropa qitəsindən olan ölkənin yığması olacaq. Afrikanı təmsil edən bütün 5 komandanın qrupda qalması fonunda Yaponiya 1/8 finala yüksəldi və Belçika ilə görüşdə qələbəni son anda əldən verdi. Amerika qitəsinin ən güclü komandalarından sayılan Argentina və Kolumbiya 1/8 finalda, Uruqvay və Braziliya 1/4 finalda mübarizəni dayandırdı.

Çempionat dünyanın ən yaxşı futbolçuları Kriştianu Ronaldu və Lionel Messinin, son Avropa çempionları İspaniya və Portuqaliyanın iştirakı olmadan davam edir. Əvəzində futbolçuları ən yaxşı klublarda və çempionatlarda çıxış edən Fransa, Belçika, İngiltərə və Xorvatiya milliləri mübarizəni davam etdirirlər. İngiltərə sonuncu dəfə 1966-cı, Fransa 1998-ci ildə dünya çempionu olub. "DÇ-1998"in yarımfinalında məhz Fransaya uduzan Xorvatiya bürünc medal uğrunda görüşdə Hollandiyanı yenərək, tarixi ərzində ilk və yeganə medalını qazanıb. Belçika isə "DÇ-1986"da bürünc medala yaxın olsa da, 3-cü yer uğrunda görüşdə uduzaraq, 4-cü yerlə kifayətlənib.

Düşünürəm ki, dünya çempionu adını yeni komandanın qazanma şansı heç də az deyil. Daha dəqiqi, mundialın qızıl medallarına Fransa - Belçika görüşünün qalibi sahib olacaq. Bu isə dolayısı ilə çempionluğu ya Fransa, ya da Belçikanın qazanacağı deməkdir.

"İdman Azərbaycan" kanalının baş redaktorunun müavini Bəylər Mirzəyev:

Son çempion Almaniyanın dünya çempionatının qrup mərhələsində mübarizəni dayandırması bu mundialın gözlənilməz nəticəsi oldu. Braziliya və Argentina komandaları da həmçinin. Çempion isə İngiltərə komandasını görürəm. Çünki bu kollektivin heyəti texniki, taktiki və fiziki cəhətdən çox güclüdür.

Futbolxeber.az saytının baş redaktoru İbrahim Cəfərov:

"DÇ-2018" uğurlu alındı. İlk öncə Rusiyanın təşkilatçılığını qeyd etmək lazımdır. Xərclənən milyardlar havaya sovrulmadı. Rusiyaya təşrif buyurmuş insanlar 1 ay ərzində əsl futbol bayramı yaşadılar deyə bilərik.

İlk dəfə olaraq VAR sisteminin tətbiq olunması mübarizəni daha da ədalətli etdi. Halbuki, hər bir futbol azarkeşinin daxilində müəyyən qədər narahatlıq var idi. Oyun sürətinin azalması, hakimlərin müdaxiləsinin çoxalmasının futbola zərbə olacağını iddia edənlər də mövcud idi. Amma geridə qalan oyunlarda gördük ki, heç də belə deyil. Əksinə, bu sistem oyunların daha ədalətli şəkildə keçməsinə səbəb oldu.

Ən əsas da yaşıl meydanda maraqlı mübarizə izləyirik. Düzdür, bəzi oyunlarda temp aşağı olurdu, "Panama, Səudiyyə Ərəbistanı kimi komandaların dünya çempionatında nə işi var" tipli suallar ortaya çıxsa da, mundialdakı mübarizənin gərgin, baxımlı alındığını söyləmək mümkündür. Baxmayaraq ki, İtaliya, Türkiyə, Ukrayna, ABŞ, Çili kimi ölkələr mundialdan kənarda qalmışdılar. Almaniyanın qrupda qalması, Argentinanın, Portuqaliyanın, İspaniyanın 1/8 finalda uduzması, Braziliyanın yarımfinala çıxa bilməməsi futbol bayramına xüsusi gözəllik qatdı. Kim nə deyir desin, bu gün yarımfinala çıxan 4 komanda turnirin ən yaxşılarıdır.

Dörd komandadan qalib kim olacaq? Məncə, bugünkü Fransa - Belçika oyunu erkən finaldır. Hər iki komanda nəinki finalda oynamağa, hətta çempion olmağa layiqdir. Fransa Argentina ilə oyunda fantastik futbol sərgilədi, Uruqvayı çox güc sərf etmədən uddu. Belçika qrupda maksimum nəticə göstərməklə yanaşı, Yaponiya ilə mübarizədə inanılmaz əzmkarlıq nümayiş etdirdi, Braziliyadan üstün oldu. Bir sözlə, iki güclü komandanın mübarizəsinə şahidlik edəcəyik. Düşünürəm ki, bu cütün qalibi elə dünya çempionu olacaq və mənim favoritim Belçikadır. Bu dünya çempionatı bir sıra ilklərlə yadda qaldı və sonda da elə qalib komandanın ilk dəfə dünya kubokuna yiyələnəcəyini düşünürəm. Yəni, buna qədər ən yaxşı nəticəsi 1986-cı ildə dördüncü yer olan belçikalılar bu dəfə qalib olacaqlar.

"İdman Azərbaycan" kanalının redaktoru, Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidmətinin rəhbəri Fəxri Məmmədov:

Müqayisə aparsaq, buna qədər daha maraqlı dünya çempionatlarının keçirildiyini demək olar. Amma hər halda davam edən mundial da kifayət qədər maraqlıdır. Məncə, qrup mərhələsində daha çox diqqət çəkən məqamlar, Almaniyanın yarışı erkən dayandırması, Salah amili və "H" qrupunda gedən maraqlı mübarizə oldu. Bu hadisələr digərlərinə nisbətən daha çox diqqət cəlb etdi. Afişası göz qamaşdıran bir neçə oyunun isə turnir cədvəli baxımından az maraq kəsb etməsi təbii ki, Rusiyadakı dünya çempionatına kölgə saldı. Bir sözlə, budəfəki mundialın qrup mərhələsi gözləntilərin əksinə olaraq, elə də maraqlı olmadı. Ardınca Rusiya komandasının uğuru, eləcə də Messi və Ronaldu kimi futbolçuları olan seçmələrin 1/8 finaldakı çıxışı daha çox müzakirə olundu. ¼ finalda isə Braziliyanın məğlubiyyəti birmənalı qarşılanmadı. Ümumiyyətlə, bu millidə məşqçi işinin istənilən səviyyədə olmaması turnir boyu bir neçə dəfə vurğulanmışdı. Belçika ilə oyunda da bu amil kifayət qədər qabardı. Yarımfinallarda favoritlərim İngiltərə və Belçikadır. Finalda isə İngilislərin qalib gələcəyini düşünürəm.

"Real" TV-nin xüsusi müxbiri Mehman Rəsulov:

Mənə görə sürpriz Almaniyanın qrupda qalması oldu. Qalan bütün nəticələr hardasa gözlənilən idi. Liderlərə güvənən komandalar ümidləri doğrultmadılar. Fransanın çempionluq şansı yüksəkdir. Belçika səddini keçsələr, finalda elə də çətin olmayacaq.

"Xəzər" TV-nin idman şərhçisi Ceyhun Rzayev:

Bu ilki mundial gözlədiyimdən də maraqlı keçdi. Bir sıra sürpriz nəticələr çempionata əlavə rəng qatdı. İspaniya, Almaniya, Braziliya və Argentina kimi nəhənglərin mübarizəni erkən dayandırması əslində, futbolun gözəlliyidir. Ən diqqətçəkən məqam kimi VAR sistemi – videotəkrarın tətbiqini deyə bilərəm. Yeni texnologiya sayəsində futbolda ədalət tam bərpa olunub.

Sputnik.az saytının əməkdaşı Təranə Xudabaxşiyeva:

Bu il baş tutan dünya çempionatı çox maraqlıdır. Belə ki, mundial başlamazdan öncə bir çox futbol azarkeşləri əminliklə Braziliya, Argentina, Almaniya, Portuqaliya kimi klubların finala çıxacağını deyirdilər. Hətta Braziliyanı 6 qat dünya çempionu etmişdilər. Amma belə olmadı. Rusiya komandası inadlı oyunu ilə bir çox komandaları öz evlərinə yola saldı. Yaponiyanın maraqlı çıxışı və komanda oyunu dünya çempionatına xüsusi rəng qatdı. Fransa, Belçika və Xorvatiyanın oyun taktikası və uğurları mundialı daha da baxımlı elədi. Bu arada Messi və Ronaldu kimi ulduz oyunçular dünya çempionatından kuboksuz geri dönməli oldular. Düşünürəm ki, qarşıdakı oyunlar daha maraqlı olacaq və azarkeşlərə böyük futbol həyəcanı yaşadacaq. Favoritlərim isə Fransa və Xorvatiyadır.

Oxu.az saytının müxbiri İlhamə Əbülfət:

Fikrimcə, XXI dünya çempionatı maraqlı keçir. Güclü sayılan komandaların əksəriyyəti mübarizəni dayandırıblar. Bu gün Fransa ilə Belçika yığması qarşılaşacaq. Çox istəyirəm ki, Belçika finala çıxsın və XXI dünya çempionu olsun.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə