“Əlbəttə, Azərbaycan ekzotik ölkədir. Təklif gələndə ilk reaksiyam fərqli oldu. Çünki keçidim az inandırıcı görünürdü. Ancaq daha ətraflı tanışlıqdan, klubun özünü təqdim etməsindən sonra əmin oldum ki, “Qarabağ”a keçməklə düzgün addım atmışam”. Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Hannes Halldorsson deyib. Ölkəsinin mətbuatına danışan islandiyalı qapıçı “Qarabağ”a keçidini dəyərləndirib:
“Bir çox klubdan təklif almışdım. Qərar qəbul etməliydim. Bəzi məsələləri həll etmək çox vaxt alır. Çoxlu telefon zənglərim vardı. İspan və polyak oyunçularla danışdım. Onlar klubla bağlı bütün lazımı məlumatları mənə verdilər. “Qarabağ” yüksək səviyyəli top-komandadır. Burada hər şey peşəkar səviyyədə təşkil olunub. Yeni komandamda hər şey tamam fərqli olacaq. Çünki orada heç nəyə qənaət etmirlər”.
34 yaşlı qolkiper “Qarabağ”ı seçməsinin səbəbini açıqlayıb: “Qarabağ” ardıcıl 5 dəfə ölkə çempionu olub. Matçlarını 2 fərqli stadionda oynayır. Premyer Liqa oyunlarını kiçikhəcmli, avrokubok matçlarını isə 60-70 min azarkeş tutumlu stadionda keçirirlər. Hər il avrokuboklarda çıxış edirlər. Ötən mövsüm “Kopenhagen”i məğlub edərək, Çempionlar Liqasından kənarlaşdırıblar. Bu mövsümdə də Avropanın bir nömrəli klub turnirində oynamaq imkanları var. Mən öz arzularımın arxasınca getdim. Düşünürəm ki, bu, Çempionlar Liqasında oynamağım üçün ən böyük şansdır. Ötən illə müqayisədə bu mövsüm qrupa düşmək üçün daha çox oyun keçirməliyik. Bu, uzun yoldur. İnanmaq lazımdır. Yarışa girmək sizə əvvəlki səviyyəyə qayıtmağa kömək edir. Komanda 3-4 il ardıcıl avrokuboklarda qruplara qalıb. İnanıram ki, bu il növbəti dəfə o yarışda olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB