BMX üzrə DÇ-nin 3-cü günündə yeniyetmələr arasında qaliblər müəyyənləşib

BMX üzrə DÇ-nin 3-cü günündə yeniyetmələr arasında qaliblər müəyyənləşib

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında yeniyetmə oğlan və qızların yarışlarında qaliblər müəyyənləşib. SİA-nın məlumatına görə, 13 yaşlı oğlanların mübarizəsində avstraliyalı Tomas Tuker çempion adını qazanıb. Danimarkalı Hjalt Beç Feldt ikinci, fransalı Leo Akkord üçüncü pillədə qərarlaşıblar.

On dörd yaşlı oğlanların mübarizəsində Avstraliya velosipedçisi Jordan Kallum birinci, Belçika idmançısı Vannes Maqdelijns ikinci, ekvadorlu Pedro Xose Benalkazar Querrero üçüncü pillənin sahibi olublar.

Argentinalı Qianni Antonio Daddona 15 yaşlı velosipedçilər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliyalı Tommaso Qasparoli və niderlandlı Tim Qussens ilk üçlüyü qapayıblar.

Çempionatda 16 yaşlılar arasında Fransa idmançısı Tatyan Lui Hin Tsan bütün rəqiblərini qabaqlayıb. Latviyalı Niks Rozukalns yarışı ikinci, Yeni Zelandiya idmançısı Tasman Vakelin üçüncü yerdə tamamlayıblar.

On üç yaşlı qızların mübarizəsində Yeni Zelandiya idmançısı Leila Valker fərqlənib. Niderland velosipedçisi Lissi Van Şijndel ikinci, çexiyalı Sabina Kosarkova üçüncü yeri tutublar.

Avstraliyalı Kira Hill 14 yaşlı qızlar arasında birinci pilləyə yüksəlib. Böyük Britaniya idmançıları Emma Jeffers və Cennifer Rozenmuller ilk üçlükdə qərarlaşıblar.

Mundialda 15 yaşlı qızların yarışında britaniyalı Lauren Anyon dünya çempionu adına sahib olub. Fransa velosipedçiləri Mariana Beltrando və Kapuçina Favre müvafiq olaraq ikinci və üçüncü pillədə yer alıblar.

On altı yaşlı xanımların mübarizəsində İsveçrə idmançısı Nadine Aeberhard birinci, argentinalı Aqustina Kavalli ikinci, belçikalı Marte Qusens üçüncü olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə